"Azərbaycan, Türkiyə və Gürcüstan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır" - ŞƏRH EDİLDİ

9 İyun 2026 14:17 (UTC+04:00)

İyunun 8-dəTürkiyədə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib. Bu format artıq uzun illərdir fəaliyyət göstərir və kifayət qədər uğurlu əməkdaşlıq platforması hesab olunur.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında keçirilən görüşdə üçtərəfli əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə edilib.

Müzakirələr zamanı regionda və dünyada baş verən proseslər, Yaxın Şərqdəki vəziyyət, Rusiya–Ukrayna müharibəsi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri diqqət mərkəzində olub. Görüşün yekununda birgə bəyanat qəbul edilib.

Bəyanatda dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika layihələri, enerji təhlükəsizliyi, rəqəmsal texnologiyalar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsi öz əksini tapıb.

Sənədə nəzər saldıqda aydın olur ki, tərəflər yalnız mövcud əməkdaşlığı genişləndirməyi deyil, eyni zamanda gələcək çağırışlara qarşı birgə fəaliyyət göstərməyi də hədəfləyirlər. Bu baxımdan sözügedən format region üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycan, Türkiyə və Gürcüstan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır. Xüsusilə Orta Dəhlizin inkişafı, nəqliyyat və kommunikasiya xətlərinin genişləndirilməsi, eləcə də yükdaşımaların artırılması istiqamətində həyata keçirilən layihələr regionun geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır.

Bu əməkdaşlıq yalnız üç ölkənin deyil, bütövlükdə regionun sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafı baxımından mühüm nəticələr vəd edir.