"Paşinyan iqtidarı üçün bu seçkilər ciddi sınaq hesab oluna bilər. Qeyd etmək lazımdır ki, Paşinyanın partiyası hakimiyyətə gəldikdən sonra ilk dəfədir ki, bu qədər aşağı nəticə göstərir. Hərçənd onlar parlamentdə konstitusiya çoxluğu əldə ediblər, lakin bu nəticə müəyyən mənada 4 faizlik seçki baryerini keçə bilməyən partiyaların səslərinin parlamentə düşən qüvvələr arasında bölüşdürülməsi hesabına mümkün olub".
Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, bu isə onu deməyə əsas verir ki, əgər belə mexanizm tətbiq edilməsəydi, Paşinyanın komandası 50 faizdən aşağı nəticə göstərə bilərdi: "Bu halda ölkədə koalisiya hökumətinin formalaşdırılması zərurəti yarana bilərdi. Ona görə də hazırkı nəticələr Ermənistan cəmiyyətində və siyasi dairələrdə müəyyən müzakirələrə səbəb ola bilər.
Müxalifət düşərgəsi Paşinyanın əldə etdiyi konstitusiya çoxluğunun siyasi legitimliyi ilə bağlı suallar qaldıra bilər. Onlar iddia edə bilərlər ki, hakim partiya seçicilərin mütləq əksəriyyətinin dəstəyini qazanmayıb və bu üstünlük daha çox seçki sisteminin xüsusiyyətləri hesabına formalaşıb. Bu isə Paşinyanın reytinqinin əvvəlki illərlə müqayisədə müəyyən qədər zəiflədiyini göstərən arqument kimi təqdim oluna bilər.
Yeni siyasi mənzərənin qonşu ölkələrlə münasibətlərə təsirinə gəldikdə, əsas məsələ yeni hakimiyyətin necə formalaşacağıdır. Mövcud nəticələr Paşinyanın öz siyasi xəttini davam etdirmək üçün kifayət qədər imkan əldə etdiyini göstərir. Baş nazir postunun yenidən onun siyasi qüvvəsində qalacağı, eləcə də əsas dövlət vəzifələrinə öz komandasından şəxslərin təyin ediləcəyi gözlənilir.
Bununla belə, əvvəlki seçkilərlə müqayisədə Paşinyan artıq qərarlarını daha ehtiyatla verməli olacaq. Çünki seçkilərin nəticələri göstərir ki, onun siyasətindən narazı olan seçicilərin sayı artıb. Müxalif qüvvələrin, xüsusilə də revanşist mövqedən çıxış edən dairələrin müəyyən dəstək qazanması bunu təsdiqləyir.
Azərbaycan və Türkiyə ilə münasibətlər məsələsində Paşinyan hökumətinin sülh gündəliyini davam etdirmək niyyətində olacağı gözlənilir. Lakin daxili siyasi amillər səbəbindən bu proses əvvəlki qədər sürətli və nümayişkaranə olmaya bilər. Xüsusilə Ermənistan Konstitusiyasında dəyişiklik məsələsi diqqət mərkəzində qalacaq.
Azərbaycan tərəfi isə Ermənistanın daxili siyasi proseslərindən asılı olmayaraq öz mövqeyini aydın şəkildə ifadə etməlidir. Rəsmi Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas verən müddəaların aradan qaldırılmasını, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərilməsini tələb edir.
Ermənistanın yeni hakimiyyəti formalaşdıqdan sonra regionda sülh və əməkdaşlığın inkişafı istiqamətində konkret addımların atılması vacib olacaq. Bu addımlar həm region ölkələrinin təhlükəsizliyi, həm də iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır".