"Bu tarix Azərbaycanın sabitlik və inkişaf mərhələsidir" - POLİTOLOQ DANIŞDI

9 İyun 2026 14:14 (UTC+04:00)

"15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək riskinin qarşısını aldı".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu tarixdən etibarən ölkədə siyasi sabitliyin bərpası, dövlət institutlarının formalaşdırılması və hüquqi dövlət quruculuğu prosesinə başlanıldı: "Milli Qurtuluş Günü eyni zamanda Azərbaycanın sonrakı inkişaf strategiyasının ideoloji və siyasi əsaslarının qoyulduğu bir mərhələdir. Məhz həmin dövrdə ölkənin xarici siyasət kursu müəyyənləşdirildi, iqtisadi islahatlara start verildi və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyi gücləndirildi. Sonrakı illərdə əldə olunan iqtisadi nailiyyətlər, enerji strategiyasının uğurlu icrası, ordunun gücləndirilməsi və ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlar həmin siyasi kursun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.

Bu günün əhəmiyyəti gənc nəslə yalnız tarixi faktlar vasitəsilə deyil, dövlətçilik şüurunun formalaşdırılması kontekstində çatdırılmalıdır. Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan bir dəyərdir. Milli Qurtuluş Günü Azərbaycanın müasir inkişaf modelinin başlanğıc nöqtəsi kimi təqdim edilməli, dövlətçilik ənənələrinin, milli həmrəyliyin və siyasi sabitliyin əhəmiyyəti yeni nəslə ardıcıl şəkildə aşılanmalıdır.