”Regional əməkdaşlıq prosesləri daha sürətli inkişaf edir” - DEPUTAT DANIŞDI

9 İyun 2026 11:43 (UTC+04:00)

“Beynəlxalq münasibətlər sistemində son dövrlərdə müşahidə olunan proseslər mənfi meyillərin artdığını göstərir. Qlobal idarəetmədə əsas söz sahibi olan dövlətlərin qərarvermə və həll mexanizmlərini öz əllərində cəmləşdirməsi ədalət prinsipinin pozulmasına gətirib çıxarır”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, belə bir şəraitdə müxtəlif regionlarda yerləşən inkişaf etməkdə olan ölkələrin artıq orta güc səviyyəsinə yüksəldiyi müşahidə olunur:

”Regional əməkdaşlıq prosesləri isə daha da sürətlənir. Qlobal siyasət kontekstində Cənubi Qafqaz kimi mürəkkəb regionlar xüsusi əhəmiyyət daşıyır. Bu bölgədə maraqların toqquşması və rəqabətin artması müşahidə olunur. Region hazırda ciddi transformasiya mərhələsindən keçir və bu mərhələdə Qərb ilə Rusiya arasında rəqabət daha da kəskinləşir.

Azərbaycan isə prosesləri elə istiqamətdə tənzimləyib ki, regionda müharibə və münaqişə risklərinin yenidən yaranmasının qarşısı alınıb. Rəqabət daha çox iqtisadi müstəviyə keçib və tərəflər iqtisadi üstünlüklər əldə etməyə çalışırlar.

Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud olan üçtərəfli əməkdaşlıq yeni deyil və enerji, nəqliyyat və logistika sahələrində mühüm nəticələr verir.

Quru sərhədlərinin açılması məsələsinin aktuallaşması təhlükəsizlik amilini də ön plana çıxarır. Bu kimi mühüm məsələlərdə dəqiqləşdirmələrə və əlavə müzakirələrə ehtiyac var.

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakı və aparılan müzakirələr yaxın dövrdə konkret qərarların qəbul olunacağına dair gözləntiləri gücləndirir.

Ümumilikdə, xarici işlər nazirlərinin görüşləri ali səviyyəli sammitlər üçün hazırlıq mərhələsi kimi çıxış edir və konkret nəticələrin əldə olunmasına xidmət edir.

Regionda baş verən son siyasi proseslər, o cümlədən Ermənistandakı seçkilərdən sonrakı vəziyyət, regional əməkdaşlığın əhəmiyyətini bir daha ortaya qoyur. Bu baxımdan, region ölkələrinin güclərini koordinasiya etməsi və xüsusilə təhlükəsizlik amilini nəzərə alaraq fəaliyyət göstərməsi vacibdir”.