Dövlət fondları hesabına kreditləşmə həcmi 1,2 milyard manata çatıb.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramı” çərçivəsində maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlərdəndir.
SİA xəbər verir ki, bu barədə Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev məlumat verib.
Onun sözlərinə görə, bu istiqamətdə aqrar kredit kooperativlərinin yaradılması və dəstəklənməsi, aqrar sığorta sisteminin gücləndirilməsi, həmçinin subsidiya, zəmanət və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Z.Nuriyev bildirib ki, dövlət fondları vasitəsilə verilən kreditlərin ümumi həcmi ötən dövr ərzində 1,2 milyard manata yüksəlib.
O, bank sektorunun əsas göstəricilərinə də toxunaraq depozit portfelində artım tendensiyasının davam etdiyini qeyd edib. Onun sözlərinə görə, ümumi depozit portfeli 37,8 milyard manatı ötüb və illik müqayisədə 2,8 faiz artım qeydə alınıb.
Fiziki şəxslərin əmanətlərində isə daha yüksək dinamika müşahidə olunub – bu göstərici 18,7 faiz artaraq 17,3 milyard manata çatıb. Bu, əhalinin bank sisteminə etimadının qorunduğunu və bankların resurs bazasının gücləndiyini göstərir.
Z.Nuriyev həmçinin bildirib ki, dollarlaşma səviyyəsində azalma müşahidə olunur. Depozit portfelində dollarlaşma 35,7 faizə, əmanətlər üzrə isə 30,2 faizə enib ki, bu da milli valyutaya və bank sisteminə inamın artdığını göstərir.
Onun sözlərinə görə, bank sektorunun kapital göstəriciləri də müsbət dinamika nümayiş etdirir. Kapital həcmi 7,7 milyard manata çataraq 9,7 faiz artıb və bu, sektorun maliyyə dayanıqlığının gücləndiyini təsdiqləyir.