Türk dövlətlərinin maliyyə potensialı birgə əməkdaşlıq sayəsində daha da güclənəcək.
SİA xəbər verir ki, bu fikirləri “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə Türkiyə Banklar Birliyinin Baş katibi Nurullah Bakır səsləndirib.
Onun sözlərinə görə, türk dövlətləri gənc əhali, dinamik inkişaf edən iqtisadiyyatlar və güclü bank sektoru ilə qlobal maliyyə sistemində əhəmiyyətli potensiala malikdir. N.Bakır bildirib ki, birgə layihələr, koordinasiyalı fəaliyyət və əməkdaşlıq bu potensialın daha da güclənməsinə və tam reallaşmasına şərait yaradır.
O qeyd edib ki, Türkiyə bu sahədə formalaşmış zəngin təcrübəsini, bilik bazasını və texnoloji imkanlarını dost və qardaş ölkələrlə bölüşməyə hər zaman hazırdır.
N.Bakırın sözlərinə görə, Türk Dövlətlərinin Bank Assosiasiyaları Şurası regionun maliyyə gələcəyinin formalaşmasında mühüm rol oynayır və ölkələr arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. O, bu platformanın eyni zamanda iqtisadiyyatların qlobal maliyyə sistemində daha güclü mövqe qazanmasına töhfə verdiyini vurğulayıb.
Çıxışda qeyd olunub ki, qlobal iqtisadi inkişaf, yeni texnologiyalar və dəyişən biznes modelləri maliyyə sektorunun fəaliyyətini sürətlə transformasiya edir. Bu kontekstdə rəqəmsallaşma prosesləri də daha da dərinləşir və rəqəmsal bankçılıq artıq əsas xidmət modelinə çevrilir.
N.Bakır bildirib ki, Türkiyədə aktiv rəqəmsal bankçılıq istifadəçilərinin sayı 2019-cu ildə təxminən 51 milyon olduğu halda, hazırda bu rəqəm 129 milyonu ötüb ki, bu da 100 faizdən çox artım deməkdir. Eyni dövrdə mobil bankçılıq istifadəsində isə təxminən 200 faizlik artım qeydə alınıb.
Onun sözlərinə görə, bu göstəricilər rəqəmsal transformasiyanın artıq gələcək hədəf deyil, gündəlik həyatın ayrılmaz hissəsi olduğunu göstərir. O əlavə edib ki, açıq bankçılıq tətbiqləri sayəsində müştərilər müxtəlif banklardakı hesablarını vahid platforma üzərindən idarə edə, həmçinin ani və rahat pul köçürmələri həyata keçirə bilirlər.