“TDT ölkələrinin bank aktivləri 1,2 trilyon dollara yaxınlaşır” -VÜSAL QASIMLI

9 İyun 2026 10:25 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatında (TDT) bank sektorunun həcmi və iqtisadi göstəricilər artım potensialını göstərir.

SİA xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, hazırda TDT ölkələrinin bank aktivləri 1,2 trilyon dollara yaxınlaşır. Eyni zamanda təşkilata üzv ölkələrin ümumi daxili məhsulu 2,1 trilyon ABŞ dollarını ötür və bu, dünya iqtisadiyyatının təxminən 3 faizinə bərabərdir.

V.Qasımlı bildirib ki, ötən il TDT ölkələrində orta iqtisadi artım 6 faizdən yüksək olub. Ən yüksək artım Qırğızıstanda qeydə alınıb və 11 faizdən çox təşkil edib. Özbəkistanda artım 7 faizdən, Qazaxıstanda isə 5 faizdən yuxarı olub.

Onun sözlərinə görə, TDT ölkələrinin bank aktivləri qlobal bank aktivlərinin təxminən 0,8 faizini təşkil edir. Müqayisə göstərir ki, təşkilat ölkələrinin dünya iqtisadiyyatındakı payı bank sistemindəki payından təxminən dörd dəfə yüksəkdir. Bu isə maliyyə sektorunda ciddi inkişaf potensialının olduğunu göstərir.

Eyni zamanda, ötən il TDT ölkələri üzrə ümumi yığımın həcmi 670 milyard dollara çatıb ki, bu da qlobal göstəricinin 2,3 faizinə bərabərdir. V.Qasımlı qeyd edib ki, yığım və bank aktivləri arasındakı fərq maliyyə resurslarının bank sektoruna daha geniş cəlb olunması və maliyyə vasitəçiliyinin inkişafı üçün əlavə imkanlar yaradır.

Nəticə olaraq, TDT regionunda maliyyə bazarlarının inkişafı və bank sektorunun genişlənməsi üçün əhəmiyyətli potensial mövcuddur.