“İlin sonunadək dələduzluq risklərinin idarə olunmasına dair yeni qaydalar təqdim olunacaq” - VÜSAL XƏLİLOV

9 İyun 2026 10:18 (UTC+04:00)

Azərbaycanda dələduzluqla mübarizə sahəsində yeni qaydaların ilin sonunadək tətbiqi nəzərdə tutulur.

SİA xəbər verir ki, bu barədə “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Vüsal Xəlilov məlumat verib.

Onun sözlərinə görə, dələduzluq və kibertəhlükəsizlik təhdidləri rəqəmsallaşmanın və nağdsız ödənişlərin artması fonunda qlobal miqyasda olduğu kimi Azərbaycanda da aktual olaraq qalır. V.Xəlilov bildirib ki, bu risklərin idarə olunması istiqamətində Mərkəzi Bank tərəfindən kompleks tədbirlər həyata keçirilir. Əsas istiqamətlərdən biri sektor iştirakçıları ilə birlikdə dələduzluğa qarşı qaydaların və limitlərin təkmilləşdirilməsidir.

Onun sözlərinə görə, məqsəd daha effektiv mexanizmlərin tətbiqi ilə fırıldaqçılıq hallarının qarşısının alınmasıdır.

Eyni zamanda, V.Xəlilov Mərkəzi Bank nəzdində fəaliyyət göstərən FinCERT və Antifrod Mərkəzinin fəaliyyətini də diqqətə çatdırıb. O qeyd edib ki, FinCERT beynəlxalq CERT şəbəkəsi olan FIRST tərəfindən tamhüquqlu üzv kimi qəbul olunaraq uğurla akkreditasiyadan keçib.

Bu nailiyyətin maliyyə sektoru üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Hazırda qurumlar arasında məlumat və təcrübə mübadiləsi aparılır, həmçinin rəqəmsal həllərin inkişafı və tənzimləyici çərçivənin təkmilləşdirilməsi istiqamətində işlər görülür.

V.Xəlilov əlavə edib ki, ilin sonunadək dələduzluq risklərinin idarə olunmasına dair yeni qaydaların bazara təqdim olunması planlaşdırılır. Yeni yanaşmaya əsasən, təşkilatlar riskəsaslı idarəetmə modelinə keçəcək, hər bir qurum öz risk profilinə uyğun daxili qaydalar formalaşdıracaq.

Mərkəzi Bank rəsmisi bildirib ki, dələduzluq və kibertəhlükəsizlik təhdidlərinin tam aradan qaldırıldığı heç bir ölkə təcrübəsi yoxdur. Buna görə də bu sahədə mübarizə davamlı xarakter daşıyır və risklərin minimuma endirilməsi üçün Mərkəzi Bank, maliyyə sektoru iştirakçıları və tərəfdaş qurumlar arasında əməkdaşlıq davam etdiriləcək.