“Ani Ödənişlər Sistemi milli ödəniş infrastrukturunda əhəmiyyətli mövqe qazanıb” -VÜSAL XƏLİLOV

9 İyun 2026 10:12 (UTC+04:00)

Ani Ödənişlər Sisteminin (AÖS) milli ödənişlər ekosistemində payı bir il ərzində kəskin şəkildə artıb.

SİA xəbər verir ki, bu barədə “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov məlumat verib.

Onun sözlərinə görə, sistemin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır, AÖS-in tətbiq sahəsi isə davamlı olaraq genişləndirilir. V.Xəlilov qeyd edib ki, əgər ötən il milli ödənişlər sistemində ani ödənişlərin payı 2,4 faiz təşkil edirdisə, bu ilin may ayına olan göstəricilərə əsasən bu rəqəm 54 faizə yüksəlib.

Bu isə Ani Ödənişlər Sisteminin qısa müddət ərzində milli ödəniş infrastrukturunda əhəmiyyətli mövqe qazandığını göstərir.

Mərkəzi Bank rəsmisi bildirib ki, əldə olunan nəticələrdə qurumun tənzimləmə və nəzarət siyasəti, texnoloji yeniliklərin tətbiqi, infrastrukturun təkmilləşdirilməsi və yeni məhsulların təqdim olunması mühüm rol oynayıb.

Eyni zamanda, bank sektorunun iştirakçılarının prosesə aktiv və operativ qoşulması da bu artımın əsas amillərindən biri kimi qiymətləndirilir. V.Xəlilov əlavə edib ki, yaxın dövrdə AÖS-in əhatə dairəsinin daha da genişlənməsi və göstəricilərin artması istiqamətində işlər davam etdiriləcək.