Bu, tank döyüşləri dövrünün sonudur...

8 İyun 2026 18:04 (UTC+04:00)

...Finlandiyada keçirilən genişmiqyaslı "Şimal ulduzu" təlimləri NATO qüvvələrini müasir döyüş meydanında tankların rolunu yenidən qiymətləndirməyə məcbur etdi. Manevrlərdə iştirak edənlərin fikrincə, ənənəvi zirehli texnika dronlara, dəqiq zərbələrə və tank əleyhinə sistemlərə qarşı çox həssasdır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır.

Təlimlər zamanı "Leopard 2" tanklarının sütunları dəfələrlə tank əleyhinə raketlər, artilleriya və dronlarla silahlanmış pusqu qruplarının simulyasiya atəşinə məruz qalıb.

Hərbi rəsmilər ağır texnikanın yığılmasının müasir silahlar üçün asan hədəfə çevrildiyini qeyd edirlər.

Ukrayna müharibəsindəki təcrübə bu nəticələri təsdiqləyir. Münaqişə illərində hər iki tərəf minlərlə tank və zirehli döyüş maşınını itirib.

Bu gün texnika üçün əsas təhdidlər dronlar, minalar və dəqiq idarə olunan sursatlardır ki, hərbi hesablamalara görə, itkilərin böyük əksəriyyətini təşkil edir.

Bu fonda NATO ölkələri getdikcə dronların, hava hücumundan müdafiə sistemlərinin və muxtar idarəetmə və süni intellektlə təchiz olunmuş yeni növ zirehli texnikaların istehsalına sərmayə qoyurlar.

Xüsusilə diqqət 2023-cü ildə NATO-ya qoşulduqdan sonra alyansın şimal-şərq cinahında əsas rol oynayan Finlandiyaya yönəldilir.

Ölkə NATO-nun Rusiya ilə ən uzun quru sərhədinə nəzarət edir və Petrozavodsk və Murmansk bölgələrində Rusiya qoşunlarının fəaliyyətini yaxından izləyir.

Hərbi ekspertlər hesab edirlər ki, gələcək münaqişələr tankların sayı ilə deyil, pilotsuz sistemləri tez bir zamanda yerləşdirmək və kütləvi istehsal etmək qabiliyyəti ilə müəyyən ediləcək.

Əli Babayev