Son vaxtlar sosial şəbəkələrdə və mediada gənc yaşda infarkt nəticəsində həyatını itirən şəxslərlə bağlı xəbərlər diqqət çəkir. Bu hallar cəmiyyətdə narahatlıq yaradaraq bir sualı gündəmə gətirir. Əvvəllər daha çox yaşlılarda rast gəlinən bu patoloji hal indi "cavan"laşıbmı? Bəs, infarkt halları doğrudan da gəncləşib?
Məsələ ilə bağlı professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, gənc yaşda ölüm halları ciddi narahatlıq doğurur:
“Bunun çoxsaylı səbəbləri var. Birinci səbəblər genetik amillərdir və bunlar həmişə mövcuddur. Müxtəlif ürək xəstəlikləri var ki, istənilən anda ürəyin dayanmasına səbəb ola bilər. Bunlara ürəyin elektrik fəaliyyətinin pozulması, elektrolit mübadiləsinin pozulması, Wolff-Parkinson-White sindromu, mədəcik ekstrasistoliyaları və digər xəstəliklər daxildir ki, insanlarda qəfil ölümə gətirib çıxara bilər.
Bundan başqa, tromboemboliyalar da qəfil ölüm səbəblərindəndir. Aşağı ətrafların dərin venalarında yaranan tromblar istənilən vaxt qoparaq tromboemboliyaya səbəb ola və qəfil ölümlə nəticələnə bilər.
Həmçinin, erkən yaşlarda yüksək qan təzyiqi olan şəxslərdə orqanizm zamanla bu vəziyyətə uyğunlaşır. Lakin qəfil hipertenziv kriz baş verdikdə miokard infarktı və digər ağır fəsadlar yarana bilər. Bəzi hallarda isə koronar damarların spazmı baş verir.
Bununla yanaşı, ekoloji və həyat tərzi ilə bağlı səbəbləri də nəzərdən qaçırmamalıyıq. Bu gün ən böyük problemlərdən biri qəbul edilən qida ilə sərf olunan enerji arasındakı disbalansdır.
İnsanlar daha az hərəkət edir, daha çox qida qəbul edirlər. Bu qidaların bir hissəsi trans yağlar və müxtəlif süni qatqılarla hazırlanır. Belə maddələr insan orqanizminin təbii qidalanma sistemində nəzərdə tutulmayıb və orqanizmdə müxtəlif dəyişikliklərə, maddələr mübadiləsinin pozulmasına səbəb olur.
Bu cür qidalar qəbul edilir, lakin onların yandırılması üçün kifayət qədər fiziki aktivlik olmur. İnsanlar az hərəkət edir, hər şey elektrifikasiyalaşıb və gündəlik hərəkətlilik azalıb. İnsanlar qısa məsafələri belə avtomobillə getməyə üstünlük verirlər, piyada gəzmirlər, kütləvi idmanla məşğul olmurlar. Nəticədə sərf olunan enerji azalır, artıq qidalar bədəndə depolanır və piylənməyə səbəb olur.
Digər mühüm səbəblərdən biri də stressdir. Bu gün gənclər arasında ciddi stress müşahidə olunur. Özünü reallaşdıra bilməmək, iş problemləri və digər sosial amillər buna təsir göstərir.
Bundan əlavə, zərərli vərdişlər də nəzərə alınmalıdır. Siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu, qəlyan və elektron siqaret istifadəsi ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.
Əslində, qəfil ölümlərə gətirib çıxaran səbəblər çoxdur. Təəssüf ki, biz onların dəqiq statistikasını müəyyən edə bilmirik. Çünki bir çox hallarda vəfat etmiş şəxsin meyitinin təşrih edilməsinə razılıq verilmir. Nəticədə ölümün birbaşa səbəbini müəyyən etmək mümkün olmur.
Təəssüf ki, belə hallar kifayət qədər çoxdur. İnsanlar müxtəlif səbəblərlə bundan yayınmağa çalışırlar və hesab edirəm ki, bu düzgün yanaşma deyil. Bu cür hallar həm real statistikanın formalaşdırılmasına, həm də problemin elmi səbəblərinin araşdırılmasına mane olur. Nəticədə bəzi ölümlərin səbəbi naməlum olaraq qalır.
Hər bir qəfil ölüm halı təşrih olunmalı, ölümün birbaşa səbəbi araşdırılmalıdır. Əgər bu səbəblər müəyyən edilərsə, həmin problemlərlə daha effektiv mübarizə aparmaq və profilaktik tədbirlər hazırlamaq mümkün olar”.