Venesuelanın müvəqqəti prezidenti Rodriges yaxın günlərdə Türkiyəyə rəsmi səfər edəcək. Səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın müzakirə olunması nəzərdə tutulur.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Direktoru Burhanəddin Duran sosial media hesabında etdiyi paylaşımda bildirib ki, səfər zamanı Türkiyə ilə Venesuela arasındakı çoxşaxəli münasibətlər ətraflı şəkildə nəzərdən keçiriləcək. Görüşlərdə siyasi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti dəyərləndiriləcək, əlaqələrin daha da genişləndirilməsi üçün atıla biləcək addımlar müzakirə olunacaq.
Duranın sözlərinə görə, tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə yanaşı, regional və beynəlxalq gündəmdə yer alan aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar. Görüşlərdə qarşılıqlı maraq doğuran qlobal proseslər, beynəlxalq əməkdaşlıq imkanları və regional təhlükəsizlik məsələlərinin də müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, son illərdə Türkiyə və Venesuela arasında diplomatik və iqtisadi əlaqələrdə canlanma müşahidə olunur. Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra addımlar atıb. Gözlənilən səfərin də iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi bildirilir.
Lətifə Abdıyeva