Ermənistan seçkilərində demokratik prosedurlar "tapdalanıb" - Rusiya XİN

8 İyun 2026 15:31 (UTC+04:00)

Rusiya Ermənistanla münasibətlərini ölkə hakimiyyətinin "faktiki addımlarını" nəzərə alaraq formalaşdırmaq niyyətindədir. Moskva həmçinin İrəvanın milli maraqlara əsaslanan yanaşmalarla rəhbər tutulmasını gözləyir. Bəyanatı nazirliyin sözçüsü Mariya Zaxarova Ermənistandakı parlament seçkiləri ilə əlaqədar olaraq dərc edib.

Xanım Zaxarova seçkilərin Qərbin müdaxiləsi və "İrəvanın azad seçkilərin keçirilməsi üçün demokratik prinsipləri və prosedurları kobud şəkildə tapdalaması" şəraitində keçirildiyini bildirib. O, müxalifət partiyalarına və hərəkatlarına qarşı "sərt repressiyalar" olduğunu qeyd edib. Xanım Zaxarovanın sözlərinə görə, məhdudiyyətlər yalnız Rusiya ilə ittifaqın möhkəmləndirilməsini dəstəkləyən və AB üzvlüyündən imtina edən siyasi qüvvələrə təsir edib.

Mariya Zaxarovanın sözlərinə görə, eyni zamanda seçkilər hakim partiyaya dəstəyin azaldığını, Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) qalmasına geniş tələbat olduğunu və ölkədə cəmiyyətin qütbləşməsini nümayiş etdirdi. Onun sözlərinə görə, belə bir şəraitdə "əhalinin bütün təbəqələrinin fikirlərini nəzərə almadan inkişaf yolları ilə bağlı birtərəfli qərarlar" sosial təlatümlərə səbəb ola bilər. Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, "Moskva həmişə güclü və həqiqətən suveren Ermənistanla maraqlanıb və maraqlanacaq. Erməni xalqı bizim qardaş xalqımızdır və biz onlara sülh və rifah arzulayırıq".

İyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Baş nazir Nikol Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası səslərin 49,825%-ni toplayıb. MDB müşahidə missiyası səsverməni rəqabətli və açıq hesab edib.