"15 iyun milli sabitliyin bərpa olunduğu tarixdir" - TARİXÇİ DANIŞDI

8 İyun 2026 14:44 (UTC+04:00)

"Azərbaycan xalqının Milli Qurtuluş Günü ölkəmizdə hər il 15 iyun tarixində qeyd olunan mühüm dövlət bayramlarından biridir. Bu gün Azərbaycan tarixində dönüş nöqtəsi hesab olunur və dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri kimi qiymətləndirilir".

Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, Azərbaycan 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyini bərpa etsə də, müstəqilliyin ilk illərində ölkədə ciddi siyasi, iqtisadi və hərbi problemlər mövcud idi: "Hakimiyyət böhranı, dövlət institutlarının zəif fəaliyyəti, daxili siyasi qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü ölkədə mürəkkəb vəziyyət yaratmışdı. Dövlətçiliyin gələcəyi ciddi təhlükə altına düşmüşdü.

1993-cü ilin iyun ayında ölkədə yaranmış siyasi böhran və Gəncə hadisələri vəziyyəti daha da gərginləşdirmişdi. Azərbaycan vətəndaş qarşıdurması və parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb şəraitdə xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət olundu.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə ölkədə ictimai-siyasi sabitliyin bərpası, dövlətçiliyin möhkəmləndirilməsi və milli birliyin təmin olunması istiqamətində mühüm mərhələnin başlanğıcı oldu. Məhz buna görə 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

1997-ci ildə bu gün rəsmi şəkildə Milli Qurtuluş Günü elan edildi, 1998-ci ildən etibarən isə dövlət bayramı statusu aldı.

Bu gün Azərbaycan xalqı Milli Qurtuluş Gününü dövlətçiliyin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkənin inkişaf yoluna çıxmasının rəmzi kimi qeyd edir".