"Heydər Əliyevin qayıdışı Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsini başlatdı" - TARİXÇİ DANIŞDI

8 İyun 2026 14:13 (UTC+04:00)

1990-cı illərdə müstəqilliyini yenicə qazanmış Azərbaycanda dərin siyasi böhran, hakimiyyət uğrunda çəkişmə, vətəndaş qarşıdurması təhlükəsi və Ermənistan-Azərbaycan müharibəsinin ağır nəticələri mövcud idi. 1993-cü ilin iyun hadisələri zamanı dövlət idarəçiliyi faktiki olaraq iflic vəziyyətinə düşmüş, ölkədə parçalanma təhlükəsi yaranmışdı.
1993-cü il 9 iyunda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli çağırışı ilə Naxçıvandan Bakıya qayıdışı Azərbaycan dövlətçilik tarixinin ən mühüm dönüş nöqtələrindən biri hesab olunur.

Bu fikirləri SİA-ya açıqlamasında, AMEA A.A.bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı bildirib.

Onun sözlərinə görə, belə bir mürəkkəb şəraitdə Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması və siyasi sabitliyin bərpası baxımından həlledici rol oynadı: "Onun böyük siyasi təcrübəsi, dövlət idarəçiliyi sahəsində zəngin fəaliyyəti və xalq arasında yüksək nüfuzu ölkədə yaranmış böhranın aradan qaldırılmasına imkan verdi.

Qısa müddət sonra Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və ölkədə qanunun, dövlət institutlarının fəaliyyətinin bərpasına başlanıldı.
İlk növbədə 9 iyun 1993-cü il hadisəsinin tarixi əhəmiyyəti Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında özünü göstərdi. Məhz həmin dövrdən etibarən ölkədə siyasi sabitlik yaradıldı, dövlət quruculuğu prosesi sistemli xarakter aldı, nizami ordu quruculuğu sürətləndirildi və

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası, xarici siyasət kursunun müəyyənləşdirilməsi və hüquqi dövlət quruculuğu da məhz həmin siyasi dönüşün nəticəsi kimi qiymətləndirilir.
Bu baxımdan 9 iyun 1993-cü il təkcə bir siyasi liderin Bakıya qayıdışı deyil, həm də Azərbaycan dövlətçiliyinin xilası, milli həmrəyliyin təmin olunması, müasir, müstəqil

Azərbaycan dövlətinin inkişaf mərhələsinin başlanğıcı kimi tarixə düşmüşdür. Azərbaycan tarixşünaslığında bu hadisə ölkənin müstəqillik tarixində ən mühüm siyasi dönüş nöqtələrindən biri kimi dəyərləndirilir".

Lətifə Abdıyeva