BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir

8 İyun 2026 11:56 (UTC+04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilərək yenidən istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində mövqeyini daha da möhkəmləndirib. Bu dəmir yolu xətti Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirərək Asiya ilə Avropa arasında yükdaşımalarının həyata keçirilməsində mühüm rol oynayır. Xəttin yenilənməsi və texniki imkanlarının artırılması yükdaşıma həcminin əhəmiyyətli dərəcədə genişlənməsinə şərait yaradıb, marşrutun səmərəliliyini yüksəldib.

SİA xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Perspektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib.

O bildirib ki, bu layihə Orta Dəhliz çərçivəsində xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan ən mühüm nəqliyyat marşrutlarından biridir. Son illərdə beynəlxalq ticarətdə baş verən dəyişikliklər, alternativ nəqliyyat yollarına marağın artması və təchizat zəncirlərinin şaxələndirilməsi ehtiyacı bu marşrutun strateji əhəmiyyətini daha da artırıb.

“Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəyə Şərqlə Qərb arasında təbii körpü rolunu oynamağa imkan verir. Ölkədə həyata keçirilən irimiqyaslı nəqliyyat və logistika layihələri, müasir avtomobil yolları, dəmir yolu infrastrukturu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi mühüm nəqliyyat qovşaqları tranzit daşımaların həcminin artmasına şərait yaradır. Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının qarşılıqlı əlaqəsi yüklərin Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyadan Azərbaycana, buradan isə Avropa bazarlarına daha sürətli çatdırılmasını təmin edir”, - deyə R.Qonaqov vurğulayıb.

QHT sədri əlavə edib ki, modernləşdirmədən sonra xəttin illik yükdaşıma potensialının artması Azərbaycanın tranzit ölkə kimi rəqabət qabiliyyətini yüksəldib. Bu, ölkə ərazisindən keçən beynəlxalq yük axınlarının çoxalmasına, logistika xidmətlərinə tələbatın artmasına və nəqliyyat sektorunun inkişafına müsbət təsir göstərir. Tranzit daşımaların genişlənməsi dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına, qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə də töhfə verir.

“Bundan başqa, Bakı–Tbilisi–Qars xətti regional əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələrin dərinləşməsinə, ticarət dövriyyəsinin artmasına və bölgədə nəqliyyat inteqrasiyasının möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bu marşrut Avropa və Asiya ölkələri arasında ticarət münasibətlərinin inkişafına dəstək verir və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsində mühüm rol oynayır”, - deyə R.Qonaqov vurğulayıb.