“İqlim dəyişikliyi bəşəriyyət üçün ən ciddi təhlükələrdəndir” - AÇIQLANDI

8 İyun 2026 09:45 (UTC+04:00)

Hazırda dünyanı narahat edən ən mühüm ekoloji problemlər sırasında iqlim dəyişikliyi, torpaq deqradasiyası və su ehtiyatlarının azalması dayanır. Bu proseslər təkcə qlobal miqyasda deyil, Azərbaycan üçün də ciddi risklər yaradır.

Bu sözləri SİA-ya açıqlamasında İqlimşünas, ekoloq Məhərrəm Mehdiyev deyib.

O bildirib ki, iqlim dəyişikliklərinin təsirləri artıq özünü açıq şəkildə göstərməkdədir. Dağlardakı buzlaqların əriməsi, bulaqların quruması, çaylarda su səviyyəsinin azalması və su ehtiyatlarının tədricən tükənməsi insan fəaliyyəti və yaşayışı üçün böyük təhlükə hesab olunur:

“Torpaq deqradasiyasının əsas səbəblərindən biri torpaq resurslarından düzgün istifadə edilməməsidir. Torpaqların həddindən artıq yüklənməsi, qeyri-səmərəli əkinçilik və su çatışmazlığı məhsuldarlığın azalmasına və torpaqların yararsız hala düşməsinə səbəb olur.

Su qıtlığı gələcəkdə bəşəriyyətin üzləşə biləcəyi ən böyük problemlərdən biri ola bilər. İqlim dəyişikliyi nəticəsində temperaturun artması buxarlanmanı sürətləndirir, göllərdə, çaylarda və digər su hövzələrində su ehtiyatlarının azalmasına gətirib çıxarır.

Onun sözlərinə görə, baxmayaraq ki, qlobal istiləşmənin qarşısının alınması məqsədilə Kyoto Protokolu və Paris Sazişi kimi beynəlxalq sənədlər qəbul olunub, atmosferə buraxılan istixana qazlarının həcmi hələ də artmaqda davam edir. Bunun əsas səbəblərindən biri dünyada enerji tələbatının yüksəlməsi və fosil yanacaqlardan istifadənin tam dayandırılmamasıdır.

Alternativ enerji mənbələrinin genişləndirilməsi, karbon emissiyalarının azaldılması, torpaq ehtiyatlarının qorunması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ekoloji fəlakətlərin qarşısının alınmasında mühüm rol oynaya bilər. Onların fikrincə, dövlətlərin, beynəlxalq təşkilatların və cəmiyyətin birgə fəaliyyəti olmadan bu problemlərin həlli mümkün deyil”.

Ayşən Vəli