Köçəryandan açıq müharibə çağırışı

7 İyun 2026 12:59 (UTC+04:00)

"Paşinyan istefa verməsə, işlər çox pis bitəcək"

Ermənistan blokunun baş nazirliyə namizədi Robert Köçəryan həyat yoldaşı Bella ilə birlikdə İrəvandakı 7/3 saylı seçki məntəqəsində səs verib. Səs verdikdən sonra o, jurnalistlərə Ermənistanı - onun milli kimliyini, təhlükəsizliyini və rifahını seçdiyini bildirib. "Mən Ermənistana - milli kimliyə malik, qorunan, təhlükəsiz və çiçəklənən bir ölkəyə səs verdim", - deyə Köçəryan bildirib.

O, müxalifətin şanslarını yüksək qiymətləndirərək, ölkədə köklü dəyişikliklərin mümkün olduğunu deyib. "Bu dəfə həqiqətən köklü dəyişikliklər olacaq. Keçən dəfə mandatlarımız məqsədlərimizə çatmaq üçün kifayət deyildi və biz müxalifətdə qaldıq, amma mübarizəni davam etdirdik və heç vaxt geri çəkilmədik", - deyə o qeyd edib.

İkinci prezidentin sözlərinə görə, ölkədəki bütün vətəndaşlar telefon danışıqlarına qulaq asılır. "Əgər siz bununla razısınızsa, başqaları razıdırsa, qoy bu atmosferi yaradan qüvvəyə səs versinlər", - deyə Köçəryan bildirib.

O, həmçinin müxalifət nümayəndələrinə qarşı cinayət işləri və ev dustaqlığı ilə bağlı vəziyyəti tənqid edərək bunu "utancverici" adlandırıb. Köçəryan ən çox səs toplayan müxalifət siyasi qüvvəsinin namizədinə səs verəcəklərini təsdiqləyib.

Xalq tələb edərsə, Nikol Paşinyanın sakitcə vəzifəsindən gedib-getməyəcəyi ilə bağlı suala cavab olaraq Köçəryan bildirib: "Əgər o getməsə, hər şey çox pis bitəcək."

Lakin o əlavə edib ki, hər kəs onun sözlərini öz anlayışı çərçivəsində şərh etməkdə sərbəstdir.