Ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının icrası uğurla yekunlaşıb, 2026-2032-ci illər üçün nəzərdə tutulan yeni strateji sənəd hazırda yekun təsdiq mərhələsindədir.
Bu barədə SİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Həmçinin bildirilib ki, yerli mütəxəssislərin və beynəlxalq ekspertlərin tövsiyələri əsasında hazırlanmış “Bitki sağlamlığı haqqında” və “Heyvan sağlamlığı haqqında” qanun layihələri hazırda razılaşdırma mərhələsindədir.
Eləcə də qeyd olunub ki, ölkəmizdə Şərqi Zəngəzur, Qarabağ iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasının ərazisində xəstəlikdən azad zonaların yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Bu regionlarda azad zona statusu tanındıqdan sonra heyvan mənşəli məhsulların ixracında, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasında mövcud olan bir sıra maneələr aradan qalxacaq.
Bundan əlavə, idxal-ixrac əməliyyatlarına operativ nəzarətin təmin edilməsi məqsədilə fəaliyyətə başlayan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsi uğurla fəaliyyətini davam etdirir. Bu istiqamətdə görülən tədbirlər nəticəsində ölkədə bioloji təhlükəsizliyin gücləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunub.