İyunun 5-də Cəlilabad şəhərində yerləşən Heydər Əliyev Seyrangahında I Cəlilabad Kitab Sərgisinin açılış mərasimi keçirilib.
SİA xəbər verir ki, BP-nin sponsorluğu ilə təşkil olunan sərginin açılışında Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədri Şəmil Sadiq, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və layihənin icraçısı Mübariz Həsənov çıxış ediblər.
Çıxışlarda ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitabın cəmiyyət həyatındakı rolu, regionlarda keçirilən kitab sərgilərinin oxucularla nəşriyyatlar arasında əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb. Bildirilib ki, bu cür layihələr kitabın təbliği, gənc nəslin mütaliəyə marağının artırılması və yerli ədəbi mühitin canlandırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgidə 30-dan çox nəşriyyat öz stendləri ilə təmsil olunur. Oxucular burada müxtəlif mövzularda nəşrlərlə tanış olmaq, kitablar əldə etmək və müəlliflərlə görüşmək imkanı qazanırlar. Sərgi günlərində kitablar oxuculara xüsusi endirimli qiymətlərlə təqdim edilir.
Tədbir çərçivəsində müxtəlif mədəni proqramlar, təqdimatlar, müzakirələr və yazıçıların imza saatları təşkil olunub.
Qeyd edək ki, ötən həftə Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Qax rayonunda da kitab sərgisi keçirilib və tədbir yerli oxucular tərəfindən böyük maraqla qarşılanıb. Regionlarda təşkil olunan kitab sərgiləri ölkədə kitab sənayesinin inkişafına və mütaliə ənənələrinin genişlənməsinə xidmət edir.