İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

5 İyun 2026 18:47 (UTC+04:00)

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Layihə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 14-cü, 17-ci və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217; № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19; 2026, № 3, maddələr 202, 212; Azərbaycan Respublikasının 2026-cı 21 aprel tarixli 388-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43.1-ci maddəyə “388‒388-2,” rəqəmlərindən sonra “388-4,” rəqəmləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 388-4-cü maddə əlavə edilsin:

“388-4. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulması

388-4.1. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə ‒

vəzifəli şəxslər altı min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir.

388-4.2. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-5.5-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərdiyi sorğuların yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi tərəfindən 5 (beş) iş günü ərzində cavablandırılmamasına, yaxud natamam və ya təhrif edilmiş məlumatların təqdim edilməsinə görə ‒

vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi beş min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

388-4.3. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarından təhlükəsiz istifadə ilə bağlı tələblərin pozulmasına, yəni:

388-4.3.1. fərdi rəqəmsal hesabın yaradılması zamanı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.2-ci və 13-4.4-cü maddələrində müəyyən edilmiş texniki üsulların tətbiq edilməməsinə və ya həmin Qanunun 13-4.2 – 13-4.5-ci maddələrinin tələbləri pozulmaqla tətbiq edilməsinə;

388-4.3.2. 16-18 yaş arası istifadəçilərin fərdi rəqəmsal hesablarına münasibətdə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.11-ci maddəsində göstərilən texniki və təhlükəsizlik tədbirlərinin təmin edilməməsinə;

388-4.3.3. 16-18 yaş arası istifadəçilərin həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həllərin tətbiq olunmamasına, yaxud zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saat ərzində yayılmasının qarşısının alınmamasına;

388-4.3.4. toplanılmış fərdi məlumatların sosial şəbəkə platformaları provayderlərinin informasiya sistemində saxlanılmasına, həmin məlumatların üçüncü şəxslərə ötürülməsinə və ya fərdi məlumatlardan yaşın yoxlanılması məqsədi istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə edilməsinə;

388-4.3.5. fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında silinməsinin təmin edilməməsinə görə -

vəzifəli şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə, hüquqi şəxslər otuz beş min manatdan qırx min manatadək məbləğdə cərimə edilir.

388-4.4. Bu Məcəllənin 388-4.1 – 388-4.3-cü maddələrində nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

vəzifəli şəxslər doqquz min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər qırx beş min manatdan əlli min manatadək məbləğdə cərimə edilir.”.

Maddə 2. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364 (Cild I); 2024, № 1, maddə 18, № 7, maddə 769; 2025, № 7, maddə 626; 2026, № 1, maddə 17; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 387-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci maddənin birinci hissəsinin otuz dördüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda otuz beşinci – otuz səkkizinci abzaslar əlavə edilsin:

“sosial şəbəkə platforması – istifadəçilərə fərdi rəqəmsal hesab yaratmaq, digər istifadəçilərlə virtual əlaqə qurmaq və rəqəmsal məzmunu (mətn, foto, video, audio və s.) fərdi və (və ya) kütləvi şəkildə paylaşmaq imkanı verən, əsas funksiyası istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni təmin etməkdən ibarət olan informasiya sistemi;

yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platforması (bundan sonra – platforma) – yaş məhdudiyyəti nəzərə alınmaqla, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) kütləvi şəkildə paylaşılması vasitəsilə istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni (təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması istisna olmaqla) təmin edən informasiya sistemi;

yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformasının provayderi (bundan sonra – provayder) – platformanın texnoloji infrastrukturunu formalaşdıran, onun fəaliyyət prinsiplərini və istifadəçi qaydalarını müəyyən edən, rəqəmsal məzmunun (mətn, foto, video, audio və s.) paylaşılması alqoritmlərinə və istifadəçi məlumatlarının emalı prosesinə birbaşa nəzarət edən, habelə həmin platformanın idarə olunmasına cavabdeh olan hüquqi və ya fiziki şəxs;

fərdi rəqəmsal hesab – fiziki və ya hüquqi şəxsin platformada qeydiyyatı zamanı yaradılan, onun identifikasiyasını, ona məxsus məlumatların yerləşdirilməsini, idarə olunmasını və paylaşılmasını, digər istifadəçilərlə əlaqə qurulmasını, habelə xidmətlərdən fərdiləşdirilmiş qaydada istifadə edilməsini təmin edən, unikal identifikasiya və giriş məlumatları (istifadəçi adı, parol, çoxfaktorlu autentifikasiya vasitələri və s.) ilə qorunan, istifadəçiyə aid hüquq və öhdəliklərin tətbiq olunduğu rəqəmsal səhifə.”;

2.2. 13-4-cü maddə 13-6-cı maddə hesab edilsin və aşağıdakı məzmunda 13-4-cü və 13-5-ci maddələr əlavə edilsin:

“Maddə 13-4. Şəxslərin platformada qeydiyyatına dair tələblər

13-4.1. 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir. Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

13-4.2. Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

13-4.2.1. şəxsin yaşının bəyan edilməsi;

13-4.2.2. şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.

13-4.3. Bu Qanunun 13-4.2.2-ci maddəsində qeyd edilən məlumatlar əsasında provayder şəxsin, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir.

13-4.4. Provayder fərdi rəqəmsal hesabın yaradılması zamanı şəxsin yaşının müəyyən edilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında bu Qanunun 13-4.2-ci maddəsində nəzərdə tutulmayan və Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olmayan, istehlakçıların hüquqlarının müdafiəsi, dövlət sirrinin, fərdi məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə zidd olmayan texniki üsulları tətbiq edə bilər.

13-4.5. Bu Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrində nəzərdə tutulmuş texniki üsullarla aparılan yoxlama nəticəsində istifadəçinin yaşının 16 və ya yuxarı olduğu müəyyən edildikdə, fərdi rəqəmsal hesabın yaradılması təmin edilir.

13-4.6. 16-18 yaş arası uşağın fərdi rəqəmsal hesabında provayder tərəfindən yerləşdiriləcək məzmunların və reklamların dairəsi, habelə onun platformadan istifadə saatları uşağın qanuni nümayəndəsi tərəfindən idarə edilir. Belə nəzarətin həyata keçirilməsi üçün provayder platformada zəruri funksionallığı təmin etməlidir. Qanuni nümayəndələr 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına həmin funksionallıq əsasında aktiv nəzarət edilməsinə, habelə onların sosial şəbəkə platformalarından bu Qanunun tələblərinə uyğun şəkildə istifadə etməsinə cavabdehdirlər.

13-4.7. Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda bu Qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrinin tələblərinə uyğun olaraq təkrar yaş yoxlanılmasını təmin etməlidir. Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.

13-4.8. İstifadəçi yaşının yoxlanılması məqsədilə provayder topladığı fərdi məlumatlarla bağlı aşağıdakı tədbirləri həyata keçirə bilməz:

13-4.8.1. onları öz informasiya sistemində saxlamaq və ya üçüncü şəxslərə ötürmək;

13-4.8.2. onlardan yaşın yoxlanılması istisna olmaqla, kommersiya, hədəfli reklam (konkret istifadəçiyə yönələn) və ya digər məqsədlər üçün istifadə etmək.

13-4.9. Provayder bu Qanunun 13-4.8-ci maddəsində qeyd olunan yoxlama prosesi başa çatdıqda dərhal toplanılmış fərdi məlumatların silinməsini təmin etməlidir.

13-4.10. Provayder fərdi rəqəmsal hesabı olan şəxsin yetkinlik yaşına çatanadək yerləşdirdiyi məlumatların, paylaşdığı məzmunun və fərdi məlumatlarının özünün, yetkinlik yaşına çatmadığı halda qanuni nümayəndəsinin və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müraciəti əsasında, həmçinin daxili qaydalarında müəyyən edilmiş hallarda öz təşəbbüsü ilə silinməsini təmin etməlidir.

13-4.11. Provayder 16-18 yaş arası uşaqların fərdi rəqəmsal hesablarına münasibətdə platformadan istifadə ilə bağlı aşağıdakı texniki və təhlükəsizlik tədbirlərini təmin etməlidir:

13-4.11.1. istifadəçinin seçimi əsasında təhlükəsiz istifadə rejiminin və gücləndirilmiş konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi;

13-4.11.2. fərdi rəqəmsal hesablarda bütün standart konfidensiallıq tənzimləmələrinin müəyyən edilməsi və geolokasiya məlumatlarının əlçatanlığının, o cümlədən ictimaiyyətə açıqlanmasının məhdudlaşdırılması;

13-4.11.3. fərdi rəqəmsal hesablarda onların fiziki və psixi sağlamlığına zərər vuran və ya asılılıq yaradan məzmunların, o cümlədən məlumat və reklamların yerləşdirilməsinin qarşısının alınması, habelə manipulyativ dizayn üsullarından (sonsuz sürüşdürmə, videomaterialların avtomatik səsləndirilməsi və s.) istifadənin qadağan edilməsi;

13-4.11.4. fərdi rəqəmsal hesablarda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində qeyd edilmiş məlumatların yerləşdirilməsinin qarşısının alınması.

13-4.12. 16-18 yaş arası uşaqların həyatına, sağlamlığına, cinsi toxunulmazlığına, şərəfinə, ləyaqətinə və qanunla qorunan digər hüquq və azadlıqlarına təhlükə yaradan zərərli məzmunların yayılmasının qarşısının alınması üçün provayder platformada fasiləsiz rejimdə fəaliyyət göstərən və operativ müdaxiləni təmin edən rəqəmsal həlləri tətbiq etməlidir. Belə halların qarşısının alınması üzrə provayderin texniki müdaxilə müddəti zərərli məzmunun aşkar edildiyi andan etibarən 24 saatdan artıq olmamalıdır.

13-4.13. Provayder hər təqvim ili üzrə bu Qanunun 13-4.10-cu və 13-4.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin icrası, habelə fərdi rəqəmsal hesabın yaradılmasından imtina hallarının statistikası barədə illik məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti ilin yanvarın 15-dək təqdim etməlidir.

13-4.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanlar (qurumlar) platformalardan bu Qanunun tələblərinə uyğun istifadənin, belə istifadə zamanı uşaqların hüquqlarının müdafiəsinin və zərərli məzmunlardan qorunmasının təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə tədbirlərini həyata keçirirlər.

Maddə 13-5. Provayderin Azərbaycan Respublikasında fəaliyyəti

13-5.1. Azərbaycan Respublikasının ərazisindəki istifadəçilərə xidmətlər təklif edən provayder fiziki şəxs olduqda vergi uçotuna, hüquqi şəxs olduqda isə (xarici hüquqi şəxsin isə filial və ya nümayəndəliyi yaradılaraq) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmalıdır.

13-5.2. Provayder dövlət qurumlarının onunla asan və operativ əlaqə saxlamasına imkan verən əlaqə mərkəzi yaratmalı, bu barədə ictimai məlumatlandırmanı həyata keçirməli və əlaqə mərkəzinə rəsmi dövlət dili ilə müraciət imkanını təmin etməlidir.

13-5.3. Xarici hüquqi şəxs olan provayderin Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəlik Azərbaycan Respublikasının ərazisində provayderin adından sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz.

13-5.4. Xarici hüquqi şəxs olan provayder Azərbaycan Respublikasının ərazisində yaratdığı filial və ya nümayəndəliyə onu dövlət orqanları (qurumları) ilə, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, hüquqlarını və qanuni mənafelərini qorumaq səlahiyyəti, eyni zamanda fəaliyyəti üçün zəruri resurslar verir.

13-5.5. Provayder müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu Qanunun 13-4-cü maddəsində qeyd edilən tələblərin təmin edilməsi ilə bağlı göndərdiyi sorğuları 5 (beş) iş günü ərzində cavablandırmalı, sorğu edilən məlumatları tam və dürüst formada təqdim etməlidir.

13-5.6. Bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbi bu Qanunun 13-4.1-ci maddəsində qeyd edilən siyahıya daxil edildikdən (siyahı qanuni qüvvəyə mindikdən) sonra 6 (altı) ay ərzində yerinə yetirməyən provayderə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı tədbirlər həyata keçirilir:

13-5.6.1. provayderə yazılı xəbərdarlıq edilir;

13-5.6.2. xəbərdarlıqdan sonra 30 (otuz) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə provayderə 100 (yüz) min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

13-5.6.3. bu Qanunun 13-5.6.2-ci maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə provayderə 300 (üç yüz) min manat məbləğində əlavə maliyyə sanksiyası tətbiq edilir;

13-5.6.4. bu Qanunun 13-5.6.3-cü maddəsində nəzərdə tutulan maliyyə sanksiyasının tətbiq edilməsindən 30 (otuz) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət orqanları (qurumları), habelə Azərbaycan Respublikasında vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslər tərəfindən müvafiq platformada reklam yerləşdirməsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilir;

13-5.6.5. bu Qanunun 13-5.6.4-cü maddəsi ilə qadağanın tətbiq edildiyi tarixdən sonra 90 (doxsan) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 20 (iyirmi) faiz azaldılması üçün məhkəməyə müraciət təmin edilir;

13-5.6.6. bu Qanunun 13-5.6.5-ci maddəsində göstərilən müraciət əsasında qəbul edilən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra 60 (altmış) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 50 (əlli) faiz azaldılması təmin edilir;

13-5.6.7. bu Qanunun 13-5.6.6-cı maddəsində göstərilən tədbirin tətbiqindən sonra
60 (altmış) gün ərzində bu Qanunun 13-5.1-ci maddəsində göstərilmiş tələbin yerinə yetirilməməsinə görə müvafiq platformanın internet trafik həcminin 90 (doxsan) faiz azaldılması təmin edilir.

13-5.7. Bu Qanunun 13-5.1-ci maddəsinin tələbləri (bu Qanunun 13-5.6.6-cı maddəsində qeyd edilən məhdudiyyət tətbiq edilənədək) yerinə yetirildiyi halda bu Qanunun 13-5.6.2-ci və 13-5.6.3-cü maddələrində göstərilən maliyyə sanksiyaları dörddə bir məbləğində tətbiq olunur (maliyyə sanksiyaları ödənildiyi halda dörddə üç hissəsi geri qaytarılır) və bu Qanunun 13-5.6.4-cü, 13-5.6.5-ci, 13-5.6.6-cı və 13-5.6.7-ci maddələrində göstərilən məhdudiyyətlər 24 (iyirmi dörd) saat ərzində aradan qaldırılır.

13-5.8. Bu Qanunun 13-5.6.5-ci maddəsində göstərilən müraciətə məhkəmə 5 (beş) gün müddətində baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

13-5.9. Bu Qanunun 13-5.6.2-ci və 13-5.6.3-cü maddələrində göstərilən maliyyə sanksiyalarının ödənilməsi üzrə bu Qanunun 13-5.7-ci maddəsində qeyd edilən güzəşt provayderlərə həmin sanksiyalar tətbiq olunduqdan sonra 6 (altı) ay ərzində icra edildikdə şamil olunur.”;

2.3. 13-6-cı maddə üzrə:

2.3.1. adına “yerləşdirilməsi” sözündən sonra “və platformanın fəaliyyəti ilə bağlı tələblərin pozulması” sözləri əlavə edilsin;

2.3.2. mətninə “istifadəçiləri” sözündən sonra “və provayderlər” sözləri əlavə edilsin.

Maddə 3. “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2220 (Cild I); Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:

“10.4. Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında 16 yaşına çatmış şəxslərin qeydiyyatı, habelə texniki və təhlükəsizlik tədbirlərinin tətbiqi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

Maddə 4. Keçid müddəalar

4.1. Bu Qanunun 4.2-ci maddəsi nəzərə alınmaqla, bu Qanun dərc edildiyi gündən on iki ay sonra qüvvəyə minir.

4.2. Provayderlər bu Qanun qüvvəyə minənədək yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında (və həmin platformalarda yaradılan fərdi rəqəmsal hesablarda) yaş həddinin müəyyən edilməsi ilə bağlı rəqəmsal həllərin tətbiqi üçün texniki imkanları təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

4.3. Provayderlər bu Qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməli və bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti