Apple-ın gələn həftə keçiriləcək WWDC tədbirində təqdim edəcəyi yeni proqram təminatı yeniləmələrini hansı cihazların dəstəkləməyəcəyi məlum olub.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkət WWDC 2026 çərçivəsində iOS 27, iPadOS 27 və macOS 27 əməliyyat sistemlərini rəsmi şəkildə təqdim etməyə hazırlaşır. Lakin ilkin məlumatlara görə, bəzi köhnə iPhone, iPad və Mac modelləri yeni proqram təminatı yeniləmələrindən kənarda qalacaq.
"Instant Digital" tərəfindən yayılan məlumata əsasən, iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max və ikinci nəsil iPhone SE modelləri iOS 27 yeniləməsini almayacaq.
Bu cihazların istifadəçiləri bir müddət daha iOS 26 versiyasında qalacaq və yalnız təhlükəsizlik yeniləmələri ilə təmin olunacaqlar.
Yeni planşet əməliyyat sisteminin uyğunluğu ilə bağlı Apple hələ rəsmi məlumat açıqlamasa da, bəzi köhnə modellərin dəstək siyahısından çıxarılacağı bildirilir.
Sızan məlumatlara görə, 8-ci nəsil iPad, iPad Air 3 və iPad mini 5 modelləri iPadOS 27 yeniləməsini ala bilməyəcək.
Apple yeni macOS 27 əməliyyat sisteminin Intel prosessorlu köhnə Mac kompüterlərini dəstəkləməyəcəyini rəsmən təsdiqləyib.
Bu səbəbdən 2019-cu il istehsalı Mac Pro, 2020-ci il iMac, 2019-cu il 16 düymlük MacBook Pro və 2020-ci il istehsalı, dörd Thunderbolt 3 portuna malik 13 düymlük MacBook Pro modellərinin dəstəkdən kənarda qalacağı gözlənilir.
Şirkətin Intel platformasından tamamilə uzaqlaşması macOS 27-nin yalnız Apple Silicon prosessorları ilə işləyən kompüterlər üçün optimallaşdırılacağını göstərir.
Apple bu addımla sistemin performansını və enerji səmərəliliyini artırmağı, həmçinin gələcək yeniliklərin daha effektiv şəkildə tətbiq olunmasını hədəfləyir.
Lətifə Abdıyeva