Ermənistanda seçki marafonu yaxınlaşdıqca siyasi mübarizə daha da kəskinləşir. Bu prosesdə əsas qarşıdurma bir tərəfdən hazırkı baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi, həm ölkə daxilində müəyyən ictimai dəstəyə malik, həm də Qərbin dəstəklədiyi siyasi qüvvə ilə, digər tərəfdən isə Rusiyaya yaxın hesab olunan siyasi düşərgə arasında gedir. Bu düşərgədə Robert Koçaryan, Serj Sarkisyan, Samvel Karapetyan və digər siyasətçilər yer alırlar.
Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Musayev deyib.

O bildirib ki, Rusiyanın təsir dairəsində olan bu qüvvələr Paşinyanın mövqelərini zəiflətmək və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif siyasi üsullardan istifadə etməyə çalışırlar. Onların əsas arqumenti isə Paşinyanın Qarabağ müharibəsində məğlubiyyətə görə məsuliyyət daşıması ilə bağlıdır. Müxalifət onu “satqın” və “xəyanətkar” adlandırır, Qarabağın Azərbaycana verilməsində günahlandırır və onun son illərdə səsləndirdiyi bəyanatları siyasi kampaniyanın əsas mövzusuna çevirir:
“Eyni zamanda, Azərbaycan Prezidentinin çıxışları və regionla bağlı verdiyi mesajlar da Ermənistanın daxili siyasi gündəmində diqqətlə izlənilir. Müxalif qüvvələr seçki dövründə bu bəyanatlardan istifadə edərək Paşinyanın Azərbaycanla həddindən artıq yaxınlaşdığı barədə ictimai rəy formalaşdırmağa çalışırlar.
Lakin reallıq ondan ibarətdir ki, bu gün regionda qüvvələr nisbəti 30 il əvvəlki kimi deyil. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə həm hərbi, həm də siyasi gücünü nümayiş etdirdi. Buna görə də Ermənistanın Azərbaycanla hesablaşması zərurətə çevrilib. Azərbaycanın isə əvvəlki dövrlərdə olduğu kimi Ermənistanın mövqeyindən asılı qalmaq kimi bir ehtiyacı yoxdur.
Seçki kampaniyası dövründə sərt ritorikanın artması da məhz daxili siyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, Paşinyan hakimiyyətdə qalacağı təqdirdə bunun Ermənistan üçün daha faydalı olacağını düşünənlər az deyil. Çünki son illərdə regionda sülh gündəminin formalaşması istiqamətində atılan addımlar məhz onun hakimiyyəti dövründə baş verib.
Bu gün Rusiyadan fərqli olaraq həm region ölkələrinin, həm də beynəlxalq aktorların böyük əksəriyyəti Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında maraqlıdır. Bu baxımdan Ermənistan cəmiyyətinin də ölkənin gələcək inkişafı və regional sabitlik baxımından seçim edəcəyi siyasi kurs mühüm əhəmiyyət daşıyır. Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hazırda sülh prosesinə ən yaxın mövqe nümayiş etdirən tərəf kimi qiymətləndirilir”.
Ayşən Vəli