Böyük Britaniyanın BBC nəşri süni intellektin koronavirusun bütün variantları, eləcə də Ebola kimi təhlükəli viruslara qarşı təsirli ola biləcək yeni nəsil peyvəndin hazırlanmasında istifadə edildiyini bildirib. Bununla belə, tədqiqatların hələ ilkin mərhələdə olduğu vurğulanır.
Süni intellekt həyatın müxtəlif sahələrində tətbiqini genişləndirdiyi kimi, artıq tibbi araşdırmalarda və peyvənd hazırlanması prosesində də mühüm rol oynamağa başlayıb.
BBC-nin məlumatına görə, alimlər süni intellektdən istifadə etməklə bir çox virus növünə qarşı qoruma təmin edə biləcək və gələcək pandemiyaların qarşısını almağa kömək edəcək yeni tip peyvənd üzərində çalışırlar.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırlanan peyvənd bütün koronavirus ailəsinə qarşı təsirli olacaq şəkildə layihələndirilib.
Araşdırmaların ilkin mərhələdə olmasına baxmayaraq, mütəxəssislər artıq qrip və Ebola viruslarına qarşı da oxşar peyvəndlərin hazırlanması istiqamətində iş aparırlar.
Kembricdə fəaliyyət göstərən tədqiqatçılar virus təhlükələrini izləyən müşahidə proqramları vasitəsilə toplanmış müxtəlif koronaviruslara aid genetik məlumatları süni intellektin analizinə təqdim ediblər.
Süni intellekt bu məlumatları emal etdikdən sonra "super antigen" adlandırılan xüsusi bir struktur hazırlayıb. Bu strukturun məqsədi immun sistemini virusların mutasiyaya uğraması və ya yeni infeksiyaların heyvanlardan insanlara keçməsi hallarında belə, bütöv virus ailəsinə qarşı müdafiə formalaşdırmağa hazırlamaqdır.
Alimlərin fikrincə, bu texnologiya uğur qazanacağı təqdirdə gələcəkdə geniş spektrli viruslara qarşı daha effektiv peyvəndlərin yaradılmasına imkan verə bilər. Hələlik tədqiqatlar davam edir və nəticələrin təsdiqlənməsi üçün əlavə sınaqlara ehtiyac var.
Lətifə Abdıyeva