Bu gün ölkə ərazisində həm daşqınların, həm də quraqlığın artdığı müşahidə olunur.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, su qıtlığı təkcə Azərbaycan üçün deyil, bütün region üçün ciddi narahatlıq doğuran məsələdir:
"Xəzər dənizinin səviyyəsinin son iki yüzillik ərzində qeydə alınan tarixi minimum səviyyəyə yaxınlaşması problemin ciddiliyinin bariz göstəricisidir".
Prezident bildirib ki, təmiz ətraf mühit və "yaşıl artım" hədəfi 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair beş əsas milli prioritetdən biri kimi müəyyən edilib.
"Bu prioritetə uyğun olaraq, yaşıllıqların və meşə sahələrinin artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi və tullantıların idarə olunması məqsədilə müasir infrastrukturun yaradılması üçün məqsədyönlü səylər göstərilir", - dövlət başçısı vurğulayıb.