“Gender bərabərliyi üçün ictimai şüurda dəyişikliklər vacibdir” - SAHİBƏ QAFAROVA

5 İyun 2026 11:48 (UTC+04:00)

“Paritetə doğru irəliləyiş yalnız qanunvericiliyin təkmilləşdirilməsi ilə mümkün deyil. Real gender bərabərliyinə nail olmaq üçün ictimai şüurda dərin dəyişikliklər baş verməlidir”.

SİA xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyasının ilk iclasında məlumat verib.

Sədr bildirib ki, iyunun 1-dən 3-dək Serbiyaya işgüzar səfəri çərçivəsində Belqradda keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak edib. “Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması” mövzusuna həsr olunan tədbirdə Azərbaycanda qadınların hüquqlarının qorunması və onların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Sahibə Qafarova qeyd edib ki, çıxışında Milli Məclisdə qadınların təmsilçiliyi, gender bərabərliyinin təşviqi və bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib. O vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar, dövlət proqramları və fəaliyyət planları qadınların imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

Milli Məclisin sədri bildirib ki, səfər çərçivəsində Parlamentlərarası İttifaqın, ATƏT Parlament Assambleyasının rəhbər şəxsləri, müxtəlif ölkələrin parlament sədrləri və sədr müavinləri ilə ümumilikdə doqquz görüş keçirilib. Görüşlərdə beynəlxalq parlament əməkdaşlığı və ikitərəfli münasibətlər müzakirə olunub.

Sahibə Qafarova əlavə edib ki, nümayəndə heyəti Belqradın Taşmaydan parkında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini də ziyarət edərək onun xatirəsini ehtiramla yad edib.

O qeyd edib ki, Serbiyaya işgüzar səfər uğurla başa çatıb və nümayəndə heyətinin üzvlərinə təşəkkürünü bildirib.