Gürcüstan 3+3 formatında iştirak etməyəcək

5 İyun 2026 11:32 (UTC+04:00)

Gürcüstan Sankt-Peterburqda keçiriləcək 3+3 regional əməkdaşlıq platformasının görüşündə iştirak etməyəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi açıqlamasında qeyd edib ki, Tbilisinin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır və ölkə indiyədək bu formatda keçirilən heç bir görüşdə iştirak etməyib.

“Gürcüstanın mövqeyi məlumdur və bu, dəfələrlə bəyan edilib. Gürcüstan heç vaxt bu formatlı görüşlərdə iştirak etməyib”, – deyə XİN-in açıqlamasında vurğulanıb.

Qeyd edək ki, 3+3 formatının (Gürcüstan, Ermənistan, Azərbaycan, Rusiya, Türkiyə və İran) ilk ekspert görüşünün iyunun 5-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılır. Məlumata görə, görüşdə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak edəcək.

Bu barədə məlumat verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, ekspert görüşü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunacaq.

Lətifə Abdıyeva