“Biz Nikol Paşinyanı baş nazir seçməyəcəyik. Robert Köçəryanı baş nazir seçməyəcəyimiz də eyni dərəcədə aydındır”.
İyunun 7-də keçiriləcək seçkilərin Ermənistan dövləti və xalqı üçün tarixi əhəmiyyət daşıdığını bildirən “Birlik Qanadları” partiyasının baş nazirliyə namizədi Arman Tatoyan ölkənin gələcəyinə dair qərarların xarici paytaxtlarda deyil, Ermənistanın özündə verilməli olduğunu vurğulayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Tatoyan çıxışında qeyd edib ki, baş nazirliyə namizədliyini üç əsas məqsədlə irəli sürüb: sülhün təmin olunması, ədalətin bərqərar edilməsi və iqtisadi inkişafın sürətləndirilməsi.
Son günlər internetdə yayılan dezinformasiyalara da münasibət bildirən siyasətçi, partiyasına qarşı aparılan aqressiv kampaniyanın səbəbini “Birlik Qanadları”nın artan reytinqləri və gələcək parlamentdə təmsil olunmaq ehtimalı ilə əlaqələndirib.
Arman Tatoyan çıxışı zamanı partiyanın “qırmızı xətləri”ni də bir daha açıqlayıb:
“Birmənalı şəkildə bəyan edirəm ki, biz Nikol Paşinyanı baş nazir seçməyəcəyik və heç bir halda Vətəndaş Müqaviləsi Partiyasının hakimiyyətdə qalmasını dəstəkləməyəcəyik. Robert Köçəryanı baş nazir seçməyəcəyimiz də eyni dərəcədə aydındır. Samvel Karapetyan isə konstitusiya məhdudiyyətlərinə görə bu vəzifəni tuta bilməz. Eyni zamanda, hakimiyyət dəyişikliyinin bizim ucbatımızdan baş tutmaması kimi bir vəziyyət də olmayacaq”.
Tatoyan keçmiş fəaliyyətinə də toxunaraq, Ermənistanın milli maraqlarını və vətəndaşların hüquqlarını beynəlxalq səviyyədə müdafiə etmək qabiliyyətini dəfələrlə sübut etdiyini bildirib.
“Bu gün mən özümü Ermənistanın hüquq və mənafelərini müdafiə etməyə borclu hesab edirəm. Ermənistan və erməni xalqı sözünün üstündə duran, məsuliyyətli və hesabatlı hökumətə layiqdir. Heç vaxt sizi aldatmayan, xalqın hesabına varlanmayan və fəaliyyətini xalqa xidmətə həsr edən şəxsi seçin. İyunun 7-də seçki məntəqələrinə gedin və ölkədə ədalətin bərqərar olması üçün 6 nömrəli namizədə səs verin”, – deyə o bildirib.
Lətifə Abdıyeva