...“Oskar” mükafatı laureatı olan rejissor Martin Skorseze məşhur görüntü generasiya neyron şəbəkəsi Flux-un inkişaf etdiricisi olan Almaniya startapı Black Forest Labs-a qoşulub. Rejissor şirkətin məsləhətçisi olub və gələcək filmlər üzərində işləmək üçün süni intellektdən istifadə etmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Los Angeles Times yazır.
…Skorsezenin sözlərinə görə, texnologiya storyboardların - rejissorların çəkilişlərə başlamazdan əvvəl öz vizyonlarını heyətə çatdırmalarına kömək edən səhnələrin vizual eskizlərinin yaradılması prosesini əhəmiyyətli dərəcədə dəyişə bilər.
…70 ildir ki, mən özüm storyboardlar yaradıram. Həmişə bir problem olub - başınızda gördüklərinizi başqalarına necə göstərmək olar, - deyə rejissor qeyd edib.
Onun sözlərinə görə, neyron şəbəkəsi “kinematik düşüncə”ni çatdırmağa qadirdir və ideyaları vizuallaşdırmaq üçün yeni imkanlar açır.
Rejissorun süni intellektdən istifadə etmək qərarı Hollivudun yeni texnologiyalara münasibətinin tədricən dəyişdiyinin daha bir əlamətidir.
Əvvəllər Ceyms Kameron kimi tanınmış rejissorlar generativ süni intellektin inkişafına investisiya qoymuşdular.
Lakin, sənayedə hər kəs bu həvəsi bölüşmür. Bir çox ssenarist, aktyor və texniki mütəxəssis neyron şəbəkələrinin bəzi yaradıcı peşələri əvəz edə biləcəyindən qorxur.
Skorseze özü də kinonun texnologiya ilə yanaşı inkişaf etməli olduğuna inanır.
Onun sözlərinə görə, kino nisbətən gənc bir sənət növü olaraq qalır, ona görə də yeni alətlərə və yaradıcı metodlara açıq olmaq vacibdir.
Əli Babayev