"Ermənistanda siyasi rəqabət səngimir" - ŞƏRH EDİLDİ

4 İyun 2026 15:03 (UTC+04:00)

"Seçkilər yaxınlaşdıqca Ermənistanda Rusiyanın təsiri və seçki prosesinə mümkün müdaxilələri ilə bağlı müzakirələr daha da intensivləşir. İstər Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim etməyə məcbur edilməsi ilə bağlı mesajlar, istərsə də Rusiya rəsmilərinin iqtisadi sanksiyalar ehtimalı barədə açıqlamaları ölkədaxili siyasi mühitə təsirsiz qalmır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, bu proseslər fonunda Ermənistanda müxtəlif siyasi qüvvələr arasında qarşıdurma daha da kəskinləşib: "Müxalif dairələr Baş nazir Nikol Paşinyanı müxtəlif məsələlərdə tənqid edir, onu ölkənin milli maraqlarını lazımi səviyyədə müdafiə etməməkdə ittiham edirlər. Eyni zamanda, hakimiyyət nümayəndələri də keçmiş siyasi elitanı ölkənin problemlərinin əsas səbəblərindən biri kimi təqdim edirlər.

Lakin ictimai rəy sorğularının nəticələri göstərir ki, bütün bu siyasi mübarizəyə və informasiya qarşıdurmasına baxmayaraq, Nikol Paşinyan hələ də seçicilərin əhəmiyyətli hissəsinin dəstəyini qoruyub saxlayır. Mövcud göstəricilər onun rəhbərlik etdiyi siyasi qüvvənin seçkilərdə yenidən əsas üstünlüyə malik ola biləcəyini göstərir.

Bununla yanaşı, seçkilərdən sonrakı dövrün də kifayət qədər mürəkkəb keçəcəyi gözlənilir. Ermənistan daxilində siyasi rəqabətin davam etməsi, müxtəlif xarici təsir mərkəzlərinin fəallığı və ölkənin geosiyasi seçimləri ətrafında aparılan müzakirələr daxili siyasi gərginliyin müəyyən müddət ərzində davam edə biləcəyini göstərir.

Seçkilərin nəticəsindən asılı olmayaraq, Ermənistanın qarşıdakı dövrdə həm daxili siyasi sabitliyin qorunması, həm də xarici siyasətdə balansın saxlanılması baxımından mühüm çağırışlarla üzləşəcəyi ehtimal olunur".