“Gəncə hadisələri və Ulu Öndərin qayıdışı müasir dövlətçilik tarixinin dönüş nöqtəsidir” -DEPUTAT DANIŞDI

4 İyun 2026 14:56 (UTC+04:00)

“Gəncə hadisələri XX əsrin sonlarında Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərinə təsadüf edən mürəkkəb tarixi-siyasi şəraitin nəticəsi kimi qiymətləndirilir. 1990-cı illərin əvvəllərində ölkə dərin siyasi böhran, idarəetmədə pərakəndəlik, iqtisadi tənəzzül və hərbi-siyasi qeyri-sabitliklə üz-üzə idi. Mərkəzi hakimiyyət institutları tam formalaşmamış, dövlət idarəçiliyi sistemində koordinasiya zəifləmiş, bəzi hallarda isə paralel güc mərkəzləri meydana çıxmışdı”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, bu dövrdə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq genişmiqyaslı hərbi qarşıdurma xarakteri almış, Azərbaycanın bir sıra əraziləri işğal edilmişdi:

”Ordunun vahid komandanlıq altında olmaması, könüllü dəstələrin və ayrı-ayrı silahlı qrupların fəaliyyət göstərməsi ölkədə hərbi nizam-intizamı zəiflədirdi. Bu faktorlar dövlətin təhlükəsizlik sisteminə ciddi təzyiq göstərir, daxili sabitliyi risk altına alırdı. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr məhz bu ümumi böhranın kulminasiya nöqtələrindən biri kimi tarixə düşmüşdür. Hadisələr zamanı şəhərdə yaranmış gərginlik və silahlı qarşıdurma ölkədə mövcud olan siyasi etimadsızlığın və idarəetmə böhranının açıq təzahürü kimi qiymətləndirilir. Bu hadisələr təkcə lokal xarakter daşımır, eyni zamanda respublika miqyasında mövcud olan sistemli problemlərin nəticəsi idi.

Tarixi mənbələr göstərir ki, həmin dövrdə müxtəlif regionlarda silahlı dəstələrin fəaliyyəti, mərkəzi hakimiyyətə tabe olmama halları və siyasi parçalanma meyilləri dövlətin bütövlüyünü ciddi şəkildə zəiflədirirdi. Belə bir şəraitdə Gəncə hadisələri dövlət idarəçiliyində dönüşə ehtiyac olduğunu daha da kəskin şəkildə ortaya qoydu.

Məhz bu tarixi mərhələdə Azərbaycan ziyalılarının, ictimai-siyasi qüvvələrin və geniş xalq kütlələrinin çağırışı ilə Heydər Əliyev ölkə rəhbərliyinə dəvət olundu. 1993-cü ilin iyun ayında Bakıya qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə vəziyyətin sabitləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməyə başladı. O, Gəncəyə səfər edərək vəziyyəti yerində qiymətləndirmiş, müxtəlif tərəflərlə görüşlər keçirmiş və böhranın səbəblərinin aradan qaldırılması üçün siyasi qərarlar vermişdir.

1993-cü ilin oktyabrında Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı hesab olunur. Bu mərhələdə əsas prioritetlər dövlət institutlarının möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, nizami ordunun formalaşdırılması və ictimai-siyasi sabitliyin təmin olunması idi.

Komitə sədri vurğuladı ki, qanunsuz silahlı dəstələrin tərksilah edilməsi, mərkəzləşdirilmiş idarəetmə sisteminin bərpası və dövlət suverenliyinin qorunması istiqamətində mühüm addımlar atıldı. 1994-cü ildə atəşkəs sazişinin imzalanması isə ölkədə genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasına və nisbi sabitlik dövrünün başlanmasına şərait yaratdı.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun əsasını qoydu və dövlət idarəçiliyinin institusional çərçivəsini müəyyənləşdirdi. Bu sənəd ölkənin gələcək inkişaf strategiyasının hüquqi bazası kimi çıxış etdi.

İqtisadi sahədə həyata keçirilən islahatlar, xüsusilə “Əsrin müqaviləsi” (1994) çərçivəsində xarici investisiyaların cəlb olunması Azərbaycanın iqtisadi sisteminin formalaşmasına mühüm təsir göstərdi. Neft strategiyası ölkənin beynəlxalq iqtisadi inteqrasiyasını sürətləndirdi və maliyyə sabitliyinin təmin olunmasına şərait yaratdı.

Hazırkı mərhələdə həmin tarixi proseslərin nəticələri daha aydın şəkildə müşahidə olunur. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, iqtisadi inkişafın sürətlənməsi və işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri həmin siyasi kursun davamı kimi qiymətləndirilir. Xüsusilə “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən layihələr ölkənin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını göstərir.

Gəncə hadisələri və onun ardınca baş verən siyasi proseslər Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi kimi çıxış edir və ölkənin sabit, hüquqi və inkişaf edən dövlət modelinə keçidində mühüm rol oynayır”.