Aİ Rusiyaya ixrac məhdudiyyətləri fonunda Ermənistana 50 milyon avrodan çox yardım göstərəcək - Fon der Lyayen

4 İyun 2026 14:19 (UTC+04:00)

Avropa İttifaqı Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avrodan çox təcili yardım paketi hazırlayır.

SİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra məlumat verib.

"Bu gün mən Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi son məhdudiyyətlər barədə danışdım. Bu, iqtisadi məcburiyyətdən başqa bir şey deyil və qəbuledilməzdir. Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərinin müddətini uzadaraq siyasi təzyiq göstərmək üçün iqtisadi münasibətlərdən silah kimi istifadə edir. Biz bu taktikanı çox yaxşı bilirik. Məhz buna görə Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir. Biz Avropa İttifaqı (Aİ) tərəfindən dəstək tədbirləri paketi hazırlayırıq. O, 50 milyon avrodan çox məbləğdə təcili maliyyə yardımını ehtiva edir. Həmçinin bir sıra Ermənistan malları, xüsusən də aqro-ərzaq sektoru məhsulları üçün ticarətin asanlaşdırılması tədbirləri nəzərdə tutulub", - o deyib.

Fon der Lyayen əlavə edib ki, Aİ İrəvanda keçirilən son sammitdə əldə edilmiş razılaşmalar çərçivəsində Avropa və Ermənistan müəssisələri arasında əlaqələri gücləndirməyə davam edəcək.

Onun sözlərinə görə, bu təşəbbüslərin daha da irəlilədilməsi iyunun 23-də keçiriləcək qarşılıqlı əlaqə məsələləri üzrə platformanın nazirlər görüşündə müzakirə ediləcək:

"Biz bütün bu istiqamətlər üzrə səmərəli koordinasiyanı təmin etmək üçün Aİ-Ermənistan birgə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bu orqan bütün bu təşəbbüslərin, eləcə də gələcəkdəki hər hansı sonrakı tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək".