Korrupsiyaya qarşı əməliyyat: nazir müavini həbs edildi

4 İyun 2026 14:19 (UTC+04:00)

İndoneziyada korrupsiyaya qarşı mübarizə çərçivəsində immiqrasiya işləri üzrə nazir müavini Silmi Kərim immiqrasiya sənədlərinin idarə olunmasında yol verilmiş qanun pozuntuları ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının (KPK) sözçüsü Budi Prasetyo Reuters agentliyinə Kərimin həbs olunduğunu təsdiqləyib. Onun sözlərinə görə, araşdırılan korrupsiya halları 2023–2024-cü illəri əhatə edir və həmin dövrdə Silmi Kərim keçmiş prezident Coko Vidodonun administrasiyasında İmmiqrasiya Baş Direktoru vəzifəsində çalışıb.

Kərim KPK ofisində təxminən 10 saat davam edən sorğu-sualdan sonra o, həbs olunaraq istintaq təcridxanasına göndərilib. Yerli media onun əlləri qandallı və narıncı məhbus geyimində binadan çıxarıldığını yayıb.

KPK sözçüsü bildirib ki, iş üzrə daha yeddi nəfər də şübhəli şəxs qismində müəyyən edilib. İstintaqla bağlı əlavə məlumatların ictimaiyyətə açıqlanacağı gözlənilir.

Bu həbs, ölkədə son günlər korrupsiyaya qarşı aparılan genişmiqyaslı əməliyyatların davamı kimi qiymətləndirilir. Belə ki, bir gün əvvəl Baş Prokurorluq Prezident Prabovo Subiantonun qidalanma çatışmazlığı ilə mübarizə məqsədilə həyata keçirdiyi pulsuz məktəb yeməyi proqramına nəzarət edən agentliyin keçmiş rəhbəri Dadan Hindayananı da korrupsiya ittihamı ilə həbs etmişdi. Həmin iş üzrə daha iki nəfər də saxlanılıb.

Baş Prokurorluğun İstintaq İdarəsinin direktoru Syarief Sulaeman Nahdi bildirib ki, müstəntiqlər proqram çərçivəsində ayrılmış vəsaitlərin qanunsuz fəaliyyətlər üçün istifadə edildiyindən şübhələnirlər.

Dövlət Katibliyi naziri Prasetyo Hadi isə son hadisələrlə bağlı narahatlığını ifadə edərək deyib: “Son iki gündə baş verən və bir-birini təkrarlayan bu hadisələr bizi ciddi şəkildə narahat edir.”

Lətifə Abdıyeva