Karyera və ailə həyatı arasında balans necə qurulmalıdır? -PSİXOLOQ DANIŞDI

4 İyun 2026 13:48 (UTC+04:00)

Müasir dövrün ən böyük problemlərindən biri maddi rifahı yüksəltmək və karyera qurmaq istəyinin insanların şəxsi münasibətlərinə təsir göstərməsidir. Bu gün demək olar ki, hər kəs inkişaf etmək, uğur qazanmaq və daha yaxşı həyat şəraitinə sahib olmaq üçün çalışır. Lakin təəssüf ki, bir çox hallarda karyera şəxsi münasibətlərdən önə keçir. Sosial şəbəkələrin təsiri də bu prosesdə mühüm rol oynayır. İnsanlar bəzən yalnız maddi qazanc üçün deyil, daha çox uğur və nüfuz əldə etmək məqsədilə çalışırlar. Nəticədə isə tənhalıq, ailə dəyərlərinin zəifləməsi və münasibətlərdə problemlər yaranır.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.
O, qeyd edib ki, "bunun ən düzgün həlli uşaqlıq və gənclik dövründən etibarən doğru istiqamət seçməkdir. İnsan öz təhsilini, peşəsini və ya biznes fəaliyyətini erkən yaşlardan planlaşdırıb inkişaf etdirərsə, gələcəkdə həm karyera, həm də ailə həyatı ilə bağlı ciddi çətinliklərlə qarşılaşmaz. Bir çox hallarda insanlar karyera hədəflərini müxtəlif səbəblərdən ertələyirlər və bu da sonradan ailə qurmaq prosesinin gecikməsinə səbəb olur.

Karyera sahəsində müəyyən uğurlar əldə etdikdən sonra ailə həyatı qurmaq və hər iki sahəni paralel şəkildə inkişaf etdirmək daha asan olur. Bu yanaşma həm kişilər, həm də qadınlar üçün keçərlidir. Çünki müasir dövrdə qadınlar da peşəkar fəaliyyət baxımından kişilərlə eyni mövqedədirlər və karyera inkişafına böyük önəm verirlər.

Nəticə etibarilə, həm iş həyatını, həm də şəxsi münasibətləri uğurla davam etdirmək üçün hər ikisinə kifayət qədər vaxt ayırmaq vacibdir. Karyera və ailə həyatı arasında sağlam balans qurulduğu zaman insan həm peşəkar, həm də şəxsi həyatında daha xoşbəxt və uğurlu ola bilər".

Lətifə Abdıyeva