"Bəzən insan nə hiss etdiyini həqiqətən çox güclü yaşayır, amma onu cümləyə sığdıra bilmir, sözlə ifadə edə bilmir. Müraciət edən insanlar arasında da tez-tez görürük ki, insanlar bir-birini çox sevsələr belə, bu hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Hisslərini daxilən çox dərindən yaşasalar da, onları sözlə ifadə edə bilmirlər".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, burada hissləri tam olaraq tanımaq və dərk etmək məsələsi də önəmlidir: "Elə bir insan yoxdur ki, heç vaxt kədərlənməsin, sevinməsin, ağlamasın və ya gülməsin. Hər bir insan bu hissləri yaşayır. Amma insan özünü kədərli hesab etdiyi zaman bəzən bunun arxasında əslində küskünlük, qorxu və ya tək qalmaq istəyi dayanır.
Məsələn, yaşlı insanlar arasında, xüsusilə gəlin-qaynana münasibətlərində yaranan müəyyən anlaşılmazlıqların əsas səbəblərindən biri hisslərin düzgün ifadə olunmamasıdır. Bəzən insan öz hisslərini rahat şəkildə çatdıra bilmir və bunun əsas səbəbi əslində tək qalmaq qorxusu olur. Hisslərini ifadə edə bilmədikdə isə inciklik yaranır. İnsan düşünür ki, ona hörmət edilməyib və ya ona qarşı düzgün münasibət göstərilməyib.
Bu hallar çox zaman uşaqlıq dövründən qaynaqlanır. Uşaq hisslərini ifadə edə bilmədikdə ağlamaqla, gizlənməklə və ya susmaqla reaksiya verir. Belə bir mühitdə böyüyən insanlar sonrakı yaşlarında da öz hisslərini və düşüncələrini ifadə etməkdə çətinlik çəkə bilirlər. Çünki həmin duyğular sağalmamış yara kimi onların daxilində qalır.
Buna görə də insanlar çox vaxt duyğularını içlərində saxlamağa üstünlük verirlər. Biz hər zaman insanlara tövsiyə edirik ki, hisslərini ifadə etməkdən çəkinməsinlər. Çünki insanlar hisslərini müxtəlif formalarda ifadə edə bilirlər. Kimsə danışaraq, kimsə yazaraq, kimsə musiqi vasitəsilə, kimsə davranışları ilə, kimsə isə sadəcə susaraq öz emosiyalarını göstərir.
İnsanların emosiyalarını ifadə etməkdə çətinlik çəkməsinin əsas səbəblərindən biri də uşaqlıqda böyüdükləri mühitdir. Təəssüf ki, uşaqlara tez-tez “Sən uşaqsan, sus” kimi ifadələr deyilir. Bu isə onların həm öz emosiyalarını anlamaq, həm də onları sözlə ifadə etmək bacarıqlarına mənfi təsir göstərir.
Qeyd etmək lazımdır ki, hisslərini ifadə etməkdə çətinlik çəkmək xəstəlik deyil. Bu, daha çox insanın böyüdüyü mühit və qazandığı vərdişlərlə bağlıdır. Bəzən görürük ki, məktəblərdə də ünsiyyət və özünü ifadə bacarıqlarına kifayət qədər diqqət ayrılmır. Daha çox test yönümlü təhsil sistemi tətbiq olunur: sual oxunur və cavab seçilir. Nəticədə insanlar danışarkən fikirlərini ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirlər.
Əvvəllər məktəblərdə inşa yazıları, ifadələr və müxtəlif yaradıcı tapşırıqlar olurdu. Bu da insanların söz ehtiyatını artırırdı. İndi isə söz bazası zəiflədikcə hissləri ifadə etmək də çətinləşir. Buna görə də bəzən insan nə hiss etdiyini bilir, amma onu necə ifadə edəcəyini tapa bilmir".