“Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji mərkəzi kimi mövqeyini daha da gücləndirir“ -DEPUTAT DANIŞDI

4 İyun 2026 11:50 (UTC+04:00)

“İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimi ölkəmizin beynəlxalq enerji gündəmində mühüm yer tutduğunu bir daha nümayiş etdirdi”.

Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bu tədbirlər Azərbaycanın təkcə ənənəvi enerji resurslarının istehsalçısı və ixracatçısı deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin çıxışında vurğulanan məqamlar ölkənin enerji strategiyasının uğurlu nəticələrini və gələcəyə hesablanmış inkişaf istiqamətlərini əks etdirir.
Xüsusilə diqqət çəkən məqamlardan biri Azərbaycanın yaşıl enerji sahəsinə keçid istiqamətində atdığı addımların beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsidir. “Caspian Power” sərgisi və forum çərçivəsində müzakirə olunan məsələlər ölkəmizin bərpa olunan enerji mənbələrinin inkişafına verdiyi önəmi nümayiş etdirir. Bu isə Azərbaycanın enerji sektorunda dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin göstəricisidir.
Bakı Enerji Həftəsi həm də xarici investorlar üçün əlverişli biznes mühitinin təqdim olunduğu mühüm platformadır. Dünyanın müxtəlif ölkələrindən enerji şirkətlərinin və ekspertlərinin Bakıda bir araya gəlməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişləndiyini və ölkəyə olan etimadın artdığını göstərir.
Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasının uğurlarını, iqtisadi potensialını və strateji əhəmiyyətini bir daha ön plana çıxarır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti ölkəmizin regional və qlobal enerji xəritəsində aparıcı mövqeyini daha da möhkəmləndirir”.