Efiopiyanın Baş naziri Abiy Əhməd 2018-ci ildə hakimiyyətə gəldikdə, Afrikanın heç vaxt müstəmləkəyə çevrilməmiş ən qədim dövlətlərindən biri üçün yeni bir dövr vəd edirdi. Ölkə uzun illər sərt dövlət nəzarəti altında qalmış, siyasi azadlıqlar isə ciddi şəkildə məhdudlaşdırılmışdı.
Onun sələfi Haylemariam Desalenin rəhbərliyi dövründə iqtisadi artım müşahidə olunsa da, hökumət narazı səsləri zorakı üsullarla susdurmaq siyasətini davam etdirirdi. Bu isə illərlə davam edən etirazlara, hökumətlə cəmiyyət arasında dərin uçurumun yaranmasına və nəticədə Desalenin istefasına gətirib çıxardı.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, baş nazir vəzifəsinə təyin olunmasından cəmi 90 gün sonra, həmin vaxt 41 yaşında olan Abiy Əhməd qonşu Eritreya ilə 20 il davam edən münaqişəyə son qoyan sülh razılaşmasına nail olaraq dünya ictimaiyyətini təəccübləndirdi.
Bu diplomatik uğur, siyasi məhbusların azadlığa buraxılması və media üzərindəki məhdudiyyətlərin yumşaldılması kimi ilkin islahatlarla birlikdə ona Nobel Sülh Mükafatını qazandırdı. Abiy Əhməd həm regionda sülhün tərəfdarı, həm də ölkə daxilində islahatçı lider kimi təqdim olunur, bir çoxları onun Efiopiyanı daha azad və demokratik gələcəyə aparacağına inanırdı.
Lətifə Abdıyeva