Şimali Koreya lideri Kim Çen İn silah məqsədli nüvə materialı istehsal edən yeni obyektə baxış keçirib. Dövlət mediasının məlumatına görə, o, ölkənin nüvə qüvvələrinin daha da gücləndiriləcəyini və istehsal imkanlarının artırılacağını bildirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın yaydığı xəbərdə qeyd olunur ki, son beş ildə ölkənin silah istehsalı üçün nəzərdə tutulan nüvə materialı istehsal gücü iki dəfədən çox artıb. Kim Çen In yeni obyektin nüvə çəkindirmə potensialının möhkəmləndirilməsində mühüm rol oynayacağını vurğulayıb.
Məlumata görə, nüvə proqramının genişləndirilməsi ABŞ ilə aparılan denüvəlləşdirmə danışıqlarının uğursuzluqla nəticələnməsindən sonra qəbul edilən beşillik strategiyanın tərkib hissəsidir. Həmin dövrdə Kim Çen In və ABŞ prezidenti Donald Trump arasında bir neçə görüş keçirilsə də, tərəflər ortaq razılığa gələ bilməmişdi.
Şimali Koreya rəhbərliyinin son açıqlamaları ölkənin nüvə proqramını inkişaf etdirmək niyyətindən geri çəkilmədiyini bir daha göstərir. Bu addımın regionda təhlükəsizliklə bağlı narahatlıqları artıracağı gözlənilir.
Lətifə Abdıyeva