Sabalenka Fransa Açıq Turnirindəki məğlubiyyətdən sonra: “Hazırda tennisi tərk etmək istəyirəm”

4 İyun 2026 11:41 (UTC+04:00)

Paris (AP) – Fransa Açıq Turnirində növbəti dəfə üstünlüyünü qoruya bilməyən dünya reytinqinin lideri Aryna Sabalenka məğlubiyyətdən sonra tennis kortlarından uzaqlaşmaq istədiyini bildirib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sabalenka çərşənbə günü keçirilən 1/4 final görüşündə Diana Şnayderə 3:6, 7:5, 6:0 hesabı ilə məğlub olub. Görüş zamanı bir set və iki breyk üstünlüyünə malik olan belaruslu tennisçi qələbəyə çox yaxın olsa da, üstünlüyünü əldən verib.

“Hazırda sadəcə tennisi tərk etmək istəyirəm. Bir neçə gün sonra vəziyyətə yenidən baxacağıq. Ümid edirəm ki, psixoloji cəhətdən özümü toparlaya biləcəyəm”, – deyə Sabalenka bildirib.

Dörd Böyük Dəbilqə titulunun sahibi olan Sabalenka Fransa Açıq Turnirində ilk çempionluğunu qazanmaq arzusunu yenə reallaşdıra bilməyib. O, ikinci setdə 4:1 hesabı ilə öndə olub, həmçinin 5:4 hesabında matç üçün servis edərkən qələbəyə cəmi iki xal qalmışdı.

Lakin bundan sonra oyunun gedişi tamamilə dəyişib. Sabalenka matçın son hissəsində keçirilən 13 oyundan 12-sini uduzub. Böyük Dəbilqə turnirində ilk dəfə 1/4 final mərhələsinə yüksələn Diana Şnayder isə geri dönüş edərək yarımfinala vəsiqə qazanıb. Küləkli hava şəraitində çıxış edən Sabalenka oyun boyu getdikcə daha əsəbi və məyus görünürdü.

Lətifə Abdıyeva