Duş, yoxsa vanna? Alimlər hansı üsulun daha gigiyenik olduğunu açıqladı

4 İyun 2026 11:36 (UTC+04:00)

Günün sonunda yorğunluğu atmaq üçün bir çox insan ya duş qəbul edir, ya da vannada dincəlməyə üstünlük verir. Hər iki üsul rahatlıq versə də, mütəxəssislər gigiyena baxımından onların eyni olmadığını bildirirlər.

Böyük Britaniyada fəaliyyət göstərən Leicester Universitetinin klinik mikrobioloqu Dr. Primrose Freestone duş və vanna qəbulunun təmizlik baxımından fərqlərini izah edib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vanna qəbul edərkən su dəyişmədiyi üçün bədəndəki bakteriyalar və kir hissəcikləri suyun içində qalır. Nəticədə insan həmin suyun içində qalmağa davam edir və bakteriyalar bədənin müxtəlif nahiyələrinə yenidən yayıla bilir.

Mütəxəssis qeyd edib ki, duş zamanı isə axar su dəridəki mikrobları, təri və ölü dəri hüceyrələrini yuyaraq uzaqlaşdırır. Suyun davamlı axması bədənin daha effektiv təmizlənməsinə kömək edir.

Dr. Freestone bildirib ki, xüsusilə səhər saatlarında qəbul edilən duş gecə ərzində dəridə toplanan tər və bakteriyalardan təmizlənmək üçün faydalıdır.

Araşdırmalara görə, dünyada insanların böyük hissəsi duş qəbul etməyə üstünlük verir. ABŞ-də əhalinin təxminən 90 faizi duşdan istifadə etdiyi halda, Böyük Britaniyada insanların təxminən üçdə biri vannaya üstünlük verir.

Mütəxəssislər hesab edirlər ki, rahatlıq baxımından vanna yaxşı seçim olsa da, gigiyena baxımından duş daha üstün hesab olunur.

Lətifə Abdıyeva