“Təqvimin 4 iyun tarixini Azərbaycan tarixinin ən mühüm dönüş nöqtələrindən biri kimi xarakterizə etsək, yanılmarıq. Çünki məhz bu tarixdə baş verən hadisələr ölkəmizi vətəndaş qarşıdurması, parçalanma və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu”.
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, 1993-cü ilin iyun ayına qədər Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə gərgin idi:
”Bir tərəfdən Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, yüz minlərlə insan doğma yurdlarından didərgin düşürdü. Digər tərəfdən isə ölkədə siyasi idarəetmə böhranı dərinləşir, dövlət institutları zəifləyirdi.
Belə bir şəraitdə 1993-cü il iyunun 4-də baş verən Gəncə hadisələri ölkəni faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Mərkəzi hakimiyyətin zəifləməsi, müxtəlif silahlı qüvvələrin qarşıdurması və idarəetmədə yaranmış xaos dövlətçiliyin gələcəyini ciddi sual altına salmışdı.
Azərbaycan xalqı həmin ağır günlərdə ölkəni bu böhrandan çıxara biləcək siyasi liderin kim olduğunu yaxşı bilirdi. Xalqın təkidli tələbi ilə o dövrdə Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyev Bakıya dəvət olundu.
Heydər Əliyev yaranmış təhlükəni dərindən qiymətləndirərək böyük siyasi məsuliyyət nümayiş etdirdi. O, həyatını riskə ataraq Gəncəyə səfər etdi, hadisələrin iştirakçıları ilə görüşdü və qarşıdurmanın genişlənməsinin qarşısını almaq üçün mühüm addımlar atdı. Məhz onun uzaqgörən siyasəti və qətiyyəti sayəsində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı.
Azərbaycanın müxtəlif bölgələrindən, ziyalılar, ictimai-siyasi xadimlər və sadə vətəndaşlar Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını tələb edirdilər. Xalqın iradəsi nəticəsində o, 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bu tarix sonradan Azərbaycan tarixində Milli Qurtuluş Günü kimi qeyd olunmağa başladı.
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitliyin bərpası prosesi başlandı. Dövlət institutlarının möhkəmləndirilməsi, nizami ordu quruculuğu, hüquqi dövlət prinsiplərinin formalaşdırılması və milli həmrəyliyin təmin edilməsi əsas prioritetlərə çevrildi.
Onun həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu, dövlət müstəqilliyi qorundu və ölkənin gələcək inkişafının təməli qoyuldu.
Bu baxımdan 4 iyun Gəncə qiyamı Azərbaycan tarixində təkcə siyasi böhranın kulminasiya nöqtəsi deyil, həm də xalqın taleyüklü seçim etdiyi, ölkənin gələcəyini müəyyənləşdirən hadisələr silsiləsinin başlanğıcı kimi qiymətləndirilir. Həmin mürəkkəb günlərdə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilası və sabit inkişaf yoluna çıxmasının əsasını təşkil etdi”.