“Əlillik dərəcəsi anonim sənədlərlə elektron qaydada müəyyən edilir, məxfilik qorunur” -HÜQUQŞÜNAS DANIŞDI

3 İyun 2026 15:14 (UTC+04:00)

“Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu fərdi məlumatların informasiya ehtiyatlarına giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə, konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər:

“Son dövrlərdə əlilliyin təyin olunması sahəsində aparılan islahatlar bu mexanizmin daha sistemli və effektiv şəkildə qurulmasına imkan yaradıb. Xidmətlərin keyfiyyəti artırılıb və bütün mərhələlərdə şəffaflıqla yanaşı vətəndaş məmnuniyyəti əsas prioritet kimi müəyyən edilib.
Xüsusilə, əlilliyin qiymətləndirməsi prosedurunun rəqəmsallaşdırılması bu sahədə əsaslı dönüş yaradıb. Hazırda əlillik dərəcəsinin müəyyənləşdirilməsi tam elektron qaydada, şəxsin kimliyini müəyyən edən bütün məlumatlar anonimləşdirilmiş sənədlərlə həyata keçirilir ki, bu da prosesin obyektivliyini və ədalətliliyini daha da gücləndirir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) əlilliyi olan şəxsin peşə-əmək qabiliyyətinin, tibbi, psixoloji-pedaqoji, sosial bacarıqlarının, mənzil-məişət şəraitinin kompleks qiymətləndirilməsini həyata keçirir, reabilitasiya potensialını dəyərləndirir, eləcə də əlilliyi olan şəxsin itirilmiş funksiyalarının bərpasına yönəldilən reabilitasiya vasitələri və xidmətləri, həmçinin sanatoriya-kurort müalicəsinə ehtiyacını müəyyənləşdirir. Bu zaman əlilliyi olan şəxsin ictimai və peşə fəaliyyəti, təhsili və maraq dairəsi nəzərə alınır.
Əlilliyi olan şəxslərin reabilitasiya xidməti üçün növbəyə alınması proseduru.
Əlilliyi olan şəxs və ya qanuni nümayəndəsi əlilliyi olan şəxsin yaşadığı ərazi üzrə tək şəxsiyyət vəsiqəsi ilə Tibbi - Sosial Ekspertiza Kommisiyalarına müraciət edərək yataq fondunun doluluq vəziyyətinə əsasən istədiyi tarixə rezervasiya formalaşdırır.
Rezervasiyası formalaşdırılan Əlilliyi olan şəxs (Bundan sonra - ƏOŞ) və ya qanuni nümayəndəsinin işlək mobil telefon nömrəsinə reabilitasiya xidmətinə gedəcəyi tarix və mərkəz üzrə sms bildiriş göndərilir. ƏOŞ-un reabilitasiya mərkəzinə qəbul ediləcəyi tarixə ən azı 2 (iki) iş günü qalmış bu barədə məlumat əlilliyi olan şəxsin əlaqə vasitələrinin birinə (telefon, elektron poçt və s.) göndərilir, eləcə də reabilitasiya müəssisəsinə əlilliyi olan şəxsin gəlmə tarixi və vaxtı barədə məlumat verilir.
Reabilitasiya Altsistemi üzərindən rezervasiyası formalaşdırılan ƏOŞ rezervasiya tarixi üzrə reabilitasiya mərkəzinə yaxınlaşır və reabilitasiya xidmətinə başlanılır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir“.