"“Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və fərmanın ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı yalnız texniki idarəetmə dəyişikliyi deyil, həm də Azərbaycanın milli təhlükəsizlik strategiyasının rəqəmsal komponentinin gücləndirilməsi kimi qiymətləndirilə bilər".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
_(1).jpg)
Onun sözlərinə görə, müasir dövrdə kiberməkan artıq hərbi, iqtisadi və siyasi təhlükəsizliyin ayrılmaz hissəsidir: "Yeni agentliyin yaradılması Azərbaycanın regional və beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığında daha aktiv iştirakına imkan yarada bilər.
Fərman vətəndaşların rəqəmsal təhlükəsizliyi baxımından da mühüm nəticələr yarada bilər. Şəxsi məlumatların qorunmasına nəzarət güclənəcək, saxta saytlar, fişinq və kiberdələduzluq hallarına qarşı tədbirlər genişlənəcək, internet istifadəçiləri üçün maarifləndirmə proqramları artacaq, qlobal kiberhücumların ölkəyə təsirinin azaldılması məqsədilə internet trafikinə qarşı qabaqlayıcı müdafiə mexanizmləri tətbiq olunacaq. Bu isə xüsusilə elektron bankçılıq, elektron hökumət xidmətləri və rəqəmsal ödəniş sistemlərindən istifadə edən vətəndaşların təhlükəsizliyini artırmağa xidmət edir.
Yeni sistem dövlət qurumlarına bir neçə istiqamətdə təsir göstərəcək. Dövlət informasiya sistemlərinə nəzarət güclənəcək, kibertəhlükələrlə bağlı operativ məlumat mübadiləsi sürətlənəcək, insident cavab mexanizmləri vahid koordinasiya altında işləyəcək, dövlət qurumlarında təhlükəsizlik standartlarının tətbiqi sərtləşəcək. Bu dəyişikliklər nəticəsində dövlət qurumlarının xarici müdaxilələrə, məlumat sızmalarına və kiberdiversiyalara qarşı müqaviməti artacaq".