Kənd yumurtasının içində görünən qan ləkəsi və ya qırmızı nöqtə nədir? - AÇIQLANDI

3 İyun 2026 14:51 (UTC+04:00)

“Bəzən yumurtanı sındırdıqda sarısının və ya ağının üzərində kiçik qırmızı nöqtə və ya qan ləkəsi görünə bilər. Bu hal bir çox insanı narahat etsə də, əksər hallarda təhlükəli hesab edilmir”.

Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, qan ləkəsinin yaranma səbəbi yumurtanın formalaşdığı zaman toyuğun yumurtalığında və ya yumurta yolunda yerləşən çox kiçik qan damarlarından birinin çatlamasıdır. Nəticədə az miqdarda qan yumurtanın içinə qarışa bilir və qırmızı nöqtə şəklində görünür:

“Bu vəziyyət yumurtanın mayalanmış olduğunu göstərmir. Əslində qan ləkəsi ilə mayalanma arasında birbaşa əlaqə yoxdur. Mayalanmış yumurtalarda isə inkişafın ilkin mərhələlərində fərqli görünüşlər müşahidə olunur və sadəcə kiçik qan nöqtəsi bunun göstəricisi sayılmır.

Eyni zamanda qan ləkəsi yumurtanın xarab olması demək də deyil. Əgər yumurtanın qoxusu, rəngi və görünüşü normaldırsa, yalnız kiçik qan ləkəsinin olması onun istifadəyə yararsız olduğunu göstərmir.

Sağlamlıq baxımından da belə yumurtalar adətən təhlükə yaratmır. İstəyən şəxslər qan nöqtəsini qaşıq və ya bıçaq ucu ilə götürərək yumurtanı istifadə edə bilərlər. Lakin yumurtada xoşagəlməz qoxu, qeyri-adi rəng dəyişiklikləri və ya digər xarab olma əlamətləri varsa, həmin yumurtanın istifadəsi məsləhət görülmür.

Nəticə olaraq, yumurtanın içində görünən kiçik qan ləkəsi əksər hallarda təbii bir prosesin nəticəsidir və nə yumurtanın mayalanmış, nə də xarab olduğunu göstərir”.

Ayşən Vəli