...Rusiya, mütəxəssislərin hesablamalarına görə, artıq 2,6 milyona çatan ciddi işçi qüvvəsi çatışmazlığı fonunda hindistanlı miqrant işçilərin işə qəbulunu sürətlə artırır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə The Telegraph yazır.
Rusiya hökumətinin məlumatlarına görə, 2025-ci ildə Hindistan vətəndaşlarına 56.000-dən çox iş icazəsi verilib ki, bu da əvvəlki illə müqayisədə 56 faiz artım deməkdir.
Bu rəqəm 2021-ci illə müqayisədə on dəfədən çox artıb. Hindistanlı işçilər hazırda tikinti, kənd təsərrüfatı, kommunal xidmətlər, fabriklər və qida emalı zavodlarında çalışırlar. Rusiya şirkətləri işə qəbul, sənədləşmə və hətta köçməzdən əvvəl dil kursları ilə məşğul olan ixtisaslaşmış agentliklərdən fəal şəkildə istifadə edirlər.
Ötən ilin sonlarında Moskva və Yeni Dehli əmək mobilliyi haqqında müqavilə imzaladılar.
Müqavilə 2026-cı il üçün Hindistan vətəndaşları üçün on minlərlə iş vizası nəzərdə tutur.
Ekspertlər işçi qüvvəsi çatışmazlığını bir neçə amilə bağlayırlar. Rusiya uzun müddət davam edən demoqrafik azalma, aşağı doğum nisbəti və əhalinin qocalması ilə üzləşir. Ukraynada müharibənin başlamasından sonra əhalinin bir hissəsinin mühacirəti və insanların orduya kütləvi şəkildə cəlb edilməsi əmək bazarına əlavə təzyiq göstərib.
Ölkədə işsizlik tarixən ən aşağı səviyyəyə düşüb və hakimiyyət orqanları artıq yetkinlik yaşına çatmayanların işə götürülməsi ilə bağlı qaydaların yumşaldılması və icazə verilən əlavə iş saatlarının artırılması barədə müzakirələr aparır.
Lakin analitiklər hind işçilərinin axınının vəziyyəti kökündən dəyişdirə biləcəyinə şübhə ilə yanaşırlar.
Əmək çatışmazlığı milyonlarla ölçülür, gələn miqrantların sayı isə hazırda yalnız on minlərlədir.
Bundan əlavə, işəgötürənlər işçilərin daşınması, tərcüməçilər və rus dilində danışmayan işçilərin adaptasiyası üçün əlavə xərclərlə üzləşirlər.
Bir çox miqrant özləri Rusiyada işləməyi pul qazanmaq üçün müvəqqəti bir fürsət kimi görürlər və ölkədə uzun müddət qalmağı planlaşdırmırlar.
Əli Babayev