“Ölkəmiz iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın fəal iştirakçısıdır” -DEPUTAT DANIŞDI

3 İyun 2026 12:50 (UTC+04:00)

“Ötən il Azərbaycanda uğurla təşkil olunan COP29 – BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransı bir daha göstərdi ki, iqlim dəyişiklikləri ilə mübarizə müasir dövrün ən vacib məsələlərindən biridir. Bu sahədə həm qlobal, həm regional, həm də milli səviyyədə effektiv tədbirlərin görülməsi, təbii resursların qorunması və insanların rifahının təmin olunması üçün uzunmüddətli strategiyaların hazırlanması böyük əhəmiyyət daşıyır”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı ciddi problemlərlə üz-üzədir:

” Qlobal istiləşmə nəticəsində temperaturun artması quraqlıq hallarını çoxaldır, su ehtiyatlarının azalması isə kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir. Mütəxəssislərin məlumatlarına görə, milyonlarla insan qida çatışmazlığı və təmiz içməli su qıtlığı ilə qarşılaşır ki, bu da yoxsulluq və müxtəlif xəstəliklərin yayılmasına səbəb olur.

Son onilliklər ərzində sənaye istehsalının sürətlə genişlənməsi atmosferə atılan zərərli qazların və tullantıların həcmini artırıb. Bunun nəticəsində hava və torpaq çirklənməsi daha da dərinləşib. Eyni zamanda, əhalinin artması və resurslardan qeyri-səmərəli istifadə ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb. Bu səbəbdən dünyanın bir çox ölkələri ekoloji təhlükəsizliyin təmin olunmasına yönəlmiş proqramlar və innovativ layihələr həyata keçirirlər.

Azərbaycan da dayanıqlı inkişaf və ətraf mühitin qorunması istiqamətində mühüm addımlar atır. “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” çərçivəsində ekoloji təhlükəsizliyin gücləndirilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri də “Böyük Qayıdış” Dövlət Proqramıdır.

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələr yalnız sosial-iqtisadi dirçəlişə deyil, həm də ətraf mühitin bərpasına xidmət edir. Həmin ərazilərdə minaların təmizlənməsi, yaşıllıq sahələrinin genişləndirilməsi, kənd təsərrüfatı torpaqlarının bərpası, su ehtiyatlarının yaradılması və yaşıl enerji layihələrinin həyata keçirilməsi ekoloji inkişafın əsas istiqamətlərini təşkil edir. Günəş və külək enerjisindən istifadənin genişləndirilməsi isə regionun davamlı inkişafına mühüm töhfə verir.

Bütün bu təşəbbüslər Azərbaycanın ekoloji problemlərin həllinə verdiyi önəmi göstərir. Ölkəmiz iqlim dəyişikliklərinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın fəal iştirakçısı kimi çıxış edir və dayanıqlı gələcəyin qurulmasına öz töhfəsini verir”.