Şəhəri yalnız binalar deyil, davranışlarımız da gözəlləşdirir

3 İyun 2026 12:48 (UTC+04:00)

Son illərdə şəhərlərimiz gözümüzün önündə dəyişir. Yeni parklar salınır, küçələr abadlaşdırılır, yaşıllıq zolaqları yaradılır, yollar və səkilər yenilənir. Hər addımda daha müasir, daha gözəl və daha yaşanılacaq bir şəhər qurmaq üçün böyük zəhmət çəkilir. Lakin bəzən bu gözəlliyin qarşısında çox kiçik görünən, amma böyük narahatlıq yaradan bir problem dayanır , küçələrə atılan saqqızlar, yerə tüpürmək və ətrafa laqeyd münasibət.

Təsəvvür edin, təmiz və səliqəli bir küçə ilə gedirsiniz. Ətrafda çiçəklər, ağaclar, yeni salınmış parklar var. Birdən gözünüz səkinin üzərinə yapışmış saqqızlara, divar kənarlarına tüpürülmüş ləkələrə sataşır. Bir anın içində bütün o gözəllik kölgədə qalır. Çünki şəhərin siması yalnız tikililərdən ibarət deyil. Şəhərin əsl simasını onun sakinlərinin davranışı formalaşdırır.

Küçəyə atılan bir saqqız bəlkə də onu atan şəxs üçün əhəmiyyətsiz görünə bilər. Ancaq həmin saqqız aylarla, bəzən illərlə səkinin üzərində qalır, çirkli görüntü yaradır. Yerə tüpürmək isə təkcə estetik problem deyil, həm də ictimai sağlamlıq baxımından xoşagəlməz və təhlükəli vərdişdir. Bu cür davranışlar cəmiyyətə hörmətsizliyin, ictimai məkanlara sahib çıxmamağın göstəricisidir.

Əslində təmiz şəhər yaratmaq təkcə bələdiyyələrin, kommunal xidmətlərin və ya dövlət qurumlarının işi deyil. Bu, hər bir vətəndaşın məsuliyyətidir. Bir saqqızı zibil qutusuna atmaq, yerə tüpürməmək, ətrafı təmiz saxlamaq heç bir əlavə xərc tələb etmir. Sadəcə məsuliyyət və mədəniyyət tələb edir.

Biz övladlarımıza təmizliyi, ətraf mühitə hörməti öyrətməsək, ən gözəl parklar belə zamanla öz cazibəsini itirəcək. Çünki şəhərləri gözəlləşdirən yalnız milyonlarla vəsait hesabına tikilən layihələr deyil, insanların gündəlik davranışlarıdır.

Şəhər bizim ümumi evimizdir. Heç kim öz evinin döşəməsinə saqqız yapışdırmaz, divarına tüpürməz. Elə isə niyə küçələrə, parklara və ictimai məkanlara fərqli yanaşırıq?

Gəlin şəhərlərimizin gözəlliyini yalnız seyr edən yox, onu qoruyan insanlar olaq. Çünki təmiz küçələr, səliqəli parklar və mədəni davranış gələcək nəsillərə verə biləcəyimiz ən gözəl miraslardan biridir.