“2025-ci ildə anderraytinq fəaliyyəti sahəsində də mühüm nailiyyətlər əldə olunub. Emissiya olunan korporativ qiymətli kağızların 78 faizi, yəni təxminən 616 milyon manatlıq hissəsi bu istiqamətdə həyata keçirilən əməliyyatların payına düşüb. Bu göstərici bazarın tarixində ən yüksək nəticələrdən biri hesab olunur və maliyyə sektorunun inkişafını əks etdirir”.
SİA xəbər verir ki, bu sözləri görə, "PAŞA Kapital İnvestisiya Şirkəti" ASC-nin baş icraçı direktoru İsi Mustafayev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilin ən mühüm layihələri sırasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 340 milyon manat həcmində qiymətli kağız emissiyası və Kapital Bank tərəfindən həyata keçirilən 330 milyon manatlıq istiqraz emissiyası xüsusi yer tutur. Bu layihələr investorların bazara olan etimadını artırmaqla yanaşı, kapital bazarının daha da dərinləşməsinə və maliyyə resurslarının səmərəli bölüşdürülməsinə şərait yaradıb.
2025-ci ildə əldə olunan nəticələr Azərbaycanda qiymətli kağızlar bazarının sürətlə inkişaf etdiyini, investor fəallığının artdığını və gələcək illərdə bazarın daha da genişlənməsi üçün möhkəm zəmin formalaşdığını göstərir.