Vəfat etmiş şəxslərin kredit borcları üzrə öhdəliklər necə tənzimlənməlidir? - VƏKİL AÇIQLADI

2 İyun 2026 17:26 (UTC+04:00)

Sosial şəbəkələrdə vəfat etmiş şəxslərin kredit borclarının onların ailə üzvləri tərəfindən ödənilməsi məsələsi geniş müzakirə doğurub.Banklar müştərinin vəfat etməsi halında hansı prosedurları tətbiq edirlər?

Kredit müqavilələrində bu kimi hallarla bağlı xüsusi müddəalar olurmu? Mirası qəbul edən şəxslərin kredit borcu ilə bağlı öhdəlikləri nələrdir?

Mirasdan imtina edildikdə kredit borcunun taleyi necə olur?

Məsələ ilə bağlı vəkil Emil Aslanov SİA-ya açıqlamasında bildirib ki, kredit götürmüş şəxsin həm daşınan, həm də daşınmaz əmlakı varsa, həmin şəxs vəfat etdikdən sonra onun vərəsələri əmlaka sahib çıxarlarsa, bu halda kreditor qarşısında olan borcun ödənilməsi öhdəliyi də onların üzərinə düşür:

“Belə hallar olub ki, vərəsələr əmlakı qəbul etməyib, yəni onu öz mülkiyyətlərinə keçirməyiblər və bu zaman bank həmin şəxslərə qarşı iddia qaldıra bilməyib. Lakin bununla bağlı məhkəmə təcrübəsində formalaşmış qərara əsasən, hətta verəsə əmlakı qəbul etməsə belə, kreditor məhkəməyə müraciət edərək həmin əmlakın miras qaydasında rəsmiləşdirilməsini və sonradan hərraca çıxarılmasını və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələbinin təmin olunmasını tələb edə bilər. Beləliklə, kreditor ona dəymiş zərərin əvəzini həmin əmlakın dəyəri həddində əldə etmək hüququna malikdir.

Əgər zamin də yoxdursa, bu halda kredit verən şəxs və ya bank həmin borcu faktiki olaraq geri ala bilmir. Lakin zamin varsa, borcun ödənilməsi birbaşa zamindən tələb edilə bilər.

Məsələn, kredit borcu 30 min manatdır, lakin vəfat etmiş şəxsin yalnız 20 min manat dəyərində avtomobili var. Bu halda əmlakın satışından əldə olunan 20 min manat borcun ödənilməsinə yönəldilir, qalan 10 min manat isə təminatsız borc kimi qalır.

Bundan əlavə şəxsin anasından, qardaşından və ya digər ailə üzvlərindən yalnız qohum olduqları üçün kredit borcunun alınması mümkün deyil. Yalnız kredit götürmüş şəxsin miras qalan əmlakı varsa, həmin əmlakın dəyəri həddində kredit borcu ödənilə bilər”.

Arzu Qurbanlı