Ermənistan və Türkiyə arasında yaxınlaşma regionda güc balansını dəyişə bilər

2 İyun 2026 15:47 (UTC+04:00)

ABŞ-ın nüfuzlu analitik mərkəzi olan "Stratfor" hesab edir ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması Türkiyənin regiondakı təsirini gücləndirə, eyni zamanda Ermənistanın Rusiyadan asılılığını qismən azalda bilər. Bununla belə, analitiklər Moskvanın bölgədəki təsirinin bu prosesə müəyyən məhdudiyyətlər qoyacağını vurğulayırlar.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, son illərdə Ermənistan və Türkiyə uzun müddət davam edən gərgin münasibətləri yumşaltmağa çalışırlar. Bu proses xüsusilə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra daha da aktuallaşıb.

Analitiklərin fikrincə, Yerevan paralel olaraq Rusiyadan daha müstəqil siyasət yürütməyə, Qərb ölkələri ilə siyasi, iqtisadi və hərbi əlaqələrini genişləndirməyə çalışır.

"Stratfor" qeyd edir ki, Ermənistan-Türkiyə münasibətlərində mümkün yaxınlaşma Ankaranın Avropa, Qafqaz və Yaxın Şərqi birləşdirən mühüm regional aktor kimi mövqeyini daha da gücləndirə bilər. Bu proses eyni zamanda İranın bölgədəki təsirinin müəyyən dərəcədə zəifləməsinə səbəb ola bilər.

Ekspertlər hesab edirlər ki, münasibətlərin normallaşması Ermənistan üçün yeni ticarət marşrutlarının açılması, Qərb bazarlarına çıxış imkanlarının genişlənməsi və xarici iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, analitiklər vurğulayırlar ki, Rusiya hər iki ölkə ilə münasibətləri sayəsində yaxınlaşmanın dərinliyinə təsir göstərə biləcək əsas amillərdən biri olaraq qalır. Ermənistanın Türkiyə və Qərblə daha sıx inteqrasiyaya yönəlməsi halında Moskvanın iqtisadi təsir vasitələrindən istifadə edə biləcəyi istisna edilmir.

Hesabatda həmçinin qeyd olunur ki, Ermənistan-Türkiyə sərhədinin mümkün açılması Ermənistanın daxili siyasi vəziyyətindən və qarşıdan gələn seçkilərin nəticələrindən asılı olacaq.

Lətifə Abdıyeva